D18 Hərəkatının sədri Ruslan İzzətli Moderator.az-a açıqlamasında 2015-ci ilin parlament seçkiləri ilə bağlı maraqlı fikirlər səsləndirib. Hərəkat sədri 2015-ci il seçkilərində demokratik qüvvələrin qələbə naminə atmalı olduğu addımlara aydınlıq gətirib:
"Hər zaman seçkidən sonra bir siyasi durğunluq hiss olunurdu. Amma 2010 seçkilərindən sonra başqa bir situasiyayla rastlaşdıq. Siyasi durğunluq yeni bir siyasi proseslə başladı. Çünki artıq siyasət meydanında sovet təfəkkürlü siyasətçilər və yaxud ənənəvi müxalifət hökümranlıq etmirdi. Siyasi proseslərə yeni gənclər, ziyalılar qoşuldu.
Yeni simaların zühur etməsi yeni təfəkkürün prosesə gəlməsinə səbəb oldu. Hakimiyyət üçün də çox çətin bir proses başlayır. Çünki hakimiyyətin ənənəvi metodu artıq heç bir işə yaramayacaq. Çünki illərdir alternativi olan qüvvələr 1992-də hakimiyyətdə olmuş insanlar idi. O insanlara da hər zaman 1992-nin problemlərilə hücum edilirdi. Haqlı və haqsız fərq etməz, bəzən bu hücumlar kütləni də öz təsiri altına alırdı.
Artıq yeni qüvvələrə hakimiyyət 1992, 2003 və digər uğursuzluqlar ilə hücum edə bilməyəcək. Amma bu yeni qüvvələr də ənənəvi müxalifətin yolunu gedəcəksə, xalqı daha da ümidsiz bir duruma salacaq.
Bunun üçün ilk hədəf 2015-ci il seçkiləri üçün hər birimiz bir çətir altında birləşməliyik. 125 seçki dairəsi üzrə namizədlər müəyyən edilməlidir. 125 dairə üzrə namizədlər əsasən yeni simalar, ziyalılar olmalıdır. Çünki biz yeni xətt, yeni siyasi sima dedikdə yeni nəfəs namizədlərin platformasında və çıxışlarında bu görünməlidir. Həqiqətən seçiçi hiss etməlidir ki, siyasətə yeni simalar, yeni şəxslər gəlib. 125 nəfər ciddi komanda 2015 seçimlərindən sonra ikinci bir siyasi prosesin əsasın qoyur ki, bu da Cümhuriyyətimizin 100 illiyində ölkəmizdə demokratiyanın qələbə çalmasına gətirməlidir.
Bunun üçün hər kəs bir araya gəlib, seçki bloku və ya başqa bir adla seçkilərə gedib Cümhuriyyətimizin bərpası üçün ciddi addımlar atmalıyıq”.
Şamil