Azərbaycan və İsrail prezidentləri arasında keçirilən görüşdə ortaya yalınız İsrail bayrağının qoyulması ölkə ictimaiyyəti tərəfindən ciddi narazılığa səbəb olub. Baş verənləri İsrailin Azərbaycan dövlətinə qarşı açıq hörmətsizliyi kimi dəyərləndirən vətəndaşlar, o cümlədən ölkə siyasiləri hesab edir ki, bu olay rəsmi Təl-Əvivin dövlətimizə olan əsl münasibətindən xəbər verir.
KXCP sədri Mirmahmud Mirəlioğlu da Moderator.az-a açıqlamasında məlum hadisəni Azərbaycana qarşı sayqısızlıq kimi dəyərləndirib. Habelə, partiya sədri olaylarda Azərbaycan prezidentinin protokol xidmətinin əməkdaşlarının da günahkar olduğunu qeyd edib: “Şübhəsiz ki, iki dövlət rəsmisi arasında keçirilən görüşdə hər iki tərəfin bayrağı ortada olmalıdır. Xüsusilə də, əgər tərəflərdən birinin bayrağı varsa, o zaman digər tərəfin də bayrağı masaya qoyulmalıdır. İsrail prezidenti ilə İlham Əliyev arasında keçirilən görüşdə yalnız İsrail bayrağının ortaya qoyulmasını İ.Əliyevin protokol xidmətində çalışan insanların səriştəsizliyi kimi dəyərləndirirəm. Çünki bu, çox böyük bir yanlışlıqdır və bunu əsla adi diqqətsizlik kimi xarakterizə etmək olmaz. Bu, İsrailin Azərbaycan hakimiyyətinə olan münaibətinin göstəricisidir. Bu, onu göstərir ki, İsrail həm də Azərbaycan hakimiyyətini heçə sayır, onu ciddiyə almağa lüzum görmür”.
Seymur Əliyev