“İrəli” İctimai Birliyinin Gəncə şəhər nümayəndəliyi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib. Bu barədə Moderator.az-a daxil olan məlumata görə, təşkilat üzvləri bu məqsədlə Şəhidlər Xiyabanını ziyarət ediblər: “İrəli” İctimai Birliyinin üzvləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin diqqət və qayğısı, şəhər rəhbərliyinin təşəbbüsü ilə abadlaşdırılan möhtəşəm abidə kompleksinin ucaldıldığı Şəhidlər Xiyabanını ziyarət ediblər.
Şəhidlərin ruhunu şad etmək üçün Şəhidlər Xiyabanına gələn Gəncə “İrəli”çiləri məzarların üstünə təzə-tər gül-çiçək dəstələri qoyaraq, dualar oxuyub, bir dəqiqəlik sükutla bütün şəhid olan igid oğul və qızlarımızı yad ediblər”.
Qeyd
edək ki, artıq 20 Yanvar hadisələrinin üstündən 24 il keçir. Hər il yanvarın
20-də yüzminlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından
keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər
Xiyabanını ziyarət edir. Nəsillər dəyişəcək, şəhidlərimizin xatirəsi ürəklərdə əbədi
yaşayacaq.
Allah rəhmət eləsin!