20 Yanvar faciəsinin növbəti ildönümü ərəfəsində faciə günü həlak olan insanların heç də hamısının şəhid olmadığı ilə bağlı fikirlər səslənməkdədir. Bəzi tanınmışlar hesab edir ki, faciə günü həlak olanların çoxu şəhid kimi deyil, qurban kimi xarakterizə edilməlidir.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Moderator.az-a açıqlamasında faciə günü həlak olanların şəhid və qurbanlara ayrılmasına lüzum görmədiyini qeyd etdi: “Mən məsələnin bu şəkildə qoyulmasının tərəfdarı deyiləm. Evində oturan, küçədən keçən və ya barrikada da dayanan insanların hamısı sovet-rus qoşunlarının Bakıya müdaxiləsi ilə bağlı yaranan təhlükə qarşısında idi. Bu baxımdan demək olmaz ki, kimsə evində oturduğu zaman onu güllə dəyibsə onu şəhid hesab etmək olmaz. Həmin vaxt sovet imperiyasına qarşı bütün Azərbaycan xalqı ayağa qalxmışdır. Evində olan da, barrikada da dayanan da eyni mövqedə idi. Ola bilsin ki, 20 yanvar günü evdə oturduğu zaman gülləyə tuş gələn insan bir gün və ya bir saat qabaq küçədə olub və öz etirazını barrikadadan bildirib. Rus ordusu Azərbaycan xalqının etiraz səsini boğmaq üçün Bakıya gəlmişdi və bu baxımdan şəxsən mənim fikrimcə həmin vaxt güllə yarası alaraq həlak olan bütün insnalar şəhiddir”.
Seymur Əliyev