Artıq bəlli bir müddətdir ki, “Yeni Müsavat” qəzeti ilə Milli Şura arasındakı söz dueli davam edir. 20 Yanvar faciəsi günü “Yeni Müsavat”ın Milli Şuranın tənqidinə tarixi faciədən bir neçə dəfə çox yer ayırması tərəflər arasındakı münasibətlərin kifayət qədər gərgin olduğunu göstərir. Bununla bağlı Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri, Milli Şuranın Koordinasiya Şurasının üzvü Mehman Əliyev “Yeni Müsavat”ın Milli Şuraya qarşı kampaniya apardığını təsdiqləsə də, hansı məsələyə nə qədər yer ayrılmasının qəzetin sərəncamında olduğunu vurğuladı: “Yeni Müsavat” qəzeti birinci dəfə deyil ki, Milli Şuraya qarşı bu cür münasibət sərgiləyir. Bu qəzet ardıcıl olaraq Milli Şuraya qarşı kampaniya aparır. O ki, qaldı, qəzetdə hansı məsələyə nə qədər yer ayrılmasına, bu qəzetin öz işidir və bunun səbəbinə ancaq həmin qəzetin rəhbərliyi izah verə bilər”.
Seymur Əliyev