Müdafiə Nazirliyi hərbi xidmətə çağırış yaşının artırılması ilə bağlı məsələyə münasibət bildirərək, məlum səlahiyyətin Milli Məclisə məxsus olduğunu vurğulayıb. Habelə, nazirlik qeyd edib ki, məktəblərdə hərbi dərslərin tədrisi ilə bağlı dəyişiklik də Müdafiə Nazirliyinin deyil, Təhsil Nazirliyinin sərəncamındadır. Lakin Müsadiə Nazirliyinin özünü hər cür məsuliyyətdən kənarda qoyan bu açıqlamaları bəzi hərbi ekspertlər tərəfindən narazılıqla qarşılanıb. Bununla bağlı Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, polkovnik Üzeyir Cəfərov Müdafiə Nazirliyinin məlum mövqeyinin qəbuledilən olmadığını qeyd edib: “Çağırış yaşının artırılması şübhəsiz ki, Milli Məclisin səlahiyyətlərinə aid olan məsələdir. Lakin unutmaq olmaz ki, Milli Məclis qanunları qəbul edir, təklifləri isə Müdafiə Nazirliyi verməlidir. Və bu təklifin zəruriliyini də konkret arqumentlərlə əsaslandırmalıdır. Müdafiə Nazirliyi məktəblərdə hərbi hazırlıq fənninin tədrisi məsələsinin də Təhsil Nazirliyinə aid olduğunu vurğulayır. Halbuki, bu məsələdə də Müdafiə Nazirliyi öz mövqeyini ortaya qoymalı, orduya hazırlıqlı şəxslərin gəlişinin vacibliyini gündəmə gətirməlidir. Məktəblərdə təlim avtomatı, təlim qumbarası olmalı, şagirdlərdə müəyyən bacarıqlar formalaşdırılmalıdır. Yoxsa sakitcə oturub ordu sıralarına kimi gəldi qəbul etmək, bütün məsuliyyəti üzərindən atmaq doğru deyil”.
Seymur Əliyev