Eks-spiker Rəsul Quliyev Moderator.az-a dünənki açıqlamasında Milli Şuranın son sessiyasında Koordinasiya Şurası formalaşdırılmasını qumdan tikilən evlə müqayisə edib.
Milli Şuranın üzvü, hüquqşünas Namizəd Səfərovsa Rəsul Quliyevin qənaəti ilə nəinki razılaşmır, hətta onu qərəzçilikdə və proseslərə primitiv yanaşmaqda ittiham edib:
“Rəsul Quliyevin fikir və mülahizələri,çox təəssüf edirəm ki,20 il öncə olduğu kimi indi də olduqca primitiv qalmaqda vavam edir və hər hansı tənqid və analizə tab gətirmək iqtidarında deyil.18 il mühacirət həyatı keçirməyə məcbur edilmiş bir insanın zərrə qədər də olsun müdrikləşməməsi təəssüf doğurur. Ona görə də onun Milli Şuraya münasibəti və ümumiyyətlə siyasi hadisələrə yanaşma tərzinin müzakirəsinə ehtiyac görmürəm.
Qeyd edə bilərəm ki,Milli Şuranın böhran keçirdiyinə dair fikirlərlə razılaşmıram.MŞ öz fəaliyyətini və mübarizəsini davam etdirmək əzmindədir.MŞ yaranarkən tərkibi yekcins deyildi.Bu hamıya bəlli idi. Buraya müxtəlif və deyərdim ki,fərqli düşüncəyə malik insanlar, qrup və təşkilat nümayəndələri toplaşmışdı. Bu birlik əslində cəmiyyətin müxalif qüvvələrinin bir araya gəlməsi tələblərindən yaranmışdı.Fəaliyyətin -mübarizənin gedişində ayri-ayrı siyasi partiyaların və fərdlərin ümumi mübarizədən qopacaqları gözlənilən idi. Bunlar baş verdi.İndi daha aydın,məqsədləri daha bəlli insanlar bir aradadırlar.Məncə bundan sonra mübarizə daha mütəşəkkil xarakter daşıyacaq. Eyni ideyalı insanların birliyi daha mütəşəkkil olur, buna yəqin ki,heç kim şübhə etmir.