Yanvarın 18-də Ana Vətən Partiyası Gənclər Təşkilatı İdarə Heyətinin iclası keçirilib. Bu barədə Moderator.az-a daxil olan məlumata görə, iclasda ilk olaraq çıxış edən Ana Vətən Partiyası Gənclər Təşkilatının sədri Tural Məmmədov 2013-cü ildə partiyanın gördüyü işlərdən danışaraq, gündəlikdə duran məsələlərin müzakirəsinə keçib. Sədr partiya sıralarına gənclərin cəlb olunması, sosial şəbəkələrdə təbliğat işinin daha da gücləndirilməsi, fevral-iyun ayları üçün AVP Gənclər Təşkilatının iş planının təsdiq edilməsi kimi vacib məsələləri İdarə Heyətinin diqqətinə çatdırıb. İclasda AVP Gənclər Təşkilatı sədrinin siyasi məsələlər üzrə müavini Mikayıl İbrahimov ardıcıl olaraq vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıb. Gənclər təşkilatının iş planı haqqında danışan Gənclər Təşkilatı sədrinin təşkilati məsələlər üzrə müavini Hikmət Yusifov vətəndaşlar arasında AVP ideoloji xəttini təşkil edən azərbaycançılıq, dövlətçilik, vətənpərvərlik ideyalarının təbliğinin zəruri olduğunu İdarə Heyətinin nəzərinə çatdırıb. İclasda digər İdarə Heyəti üzvlərinin fikirləri dinlənilib. Sonda fevral-iyun ayları üçün AVP Gənclər Təşkilatının iş planı təsdiq edilib.