Üzeyir Cəfərov Müdafiə Nazirliyinə səsləndi: “Yazıqlar olsun!”
Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edərək onları hərbi srir sayılan məlumatları yaymamağa səsləyib. Nazirlik sosial şəbəkədə yer alan informasiyalardan düşmənin kəşfiyyat orqanlarının bəhrələndiyini və bilməli olmadığı məlumatlara yiyələndiyini vurğulayıb. Lakin bəzi ekspertlər hesab edir ki, hərbi sirlərin qorunması hərbi yetkililərin vəzifə borcuna daxil olduğu üçün ölkə mətbuatı və ya sosial şəbəkə iştirakçılarını bu məsələdə günahlandırmaq absurtdur.
Bununla bağlı Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri polkovnik Üzeyir Cəfərov Müdafiə Nazirliyinin məlum müraciətinin məntiqsiz olduğunu qeyd edib: “Son vaxtlar üçüncü dəfədir ki, Müdafiə Nazirliyinin rəhbərliyi mətbuata, ictimaiyyətə müraciət edir. Hər üç müraciəti çox uğursuz və yerində olmayan müraciət hesab edirəm. Əvvəla, onu qeyd edim ki, hərbi sirlərin qorunması mətbuatın, ictimaiyyətin borcu deyil. Bu, bilavasitə həmin qurumların borcudur. Əgər Müdafiə Nazirliyi üçüncü dəfədir ki, hərbi sirləri qoruya bilmədiyini etiraf edirsə, biz ancaq “yazıqlar olsun” deyə bilərik. Yazıqlar olsun o Müdafiə Nazirliyinə ki, müharibə vəziyyətində olsa da öz sirlərini qoruya bilmir. Problemin kökünü kənarda deyil, daxildə axtarmaq lazımdır. Müdafiə Nazirliyinə yaxın olan bəzi saytlar var ki, nazirlikdə baş verən məsələlər dərhal həmin saytlara məlum olur. Müdafiə Nazirliyi əvvəlcə ictimaiyyətlə işləməyin qaydasını öyrənməlidir. Vəzifə tutub ulduz gəzdirməklə deyil. Müdafiə Nazirliyinin saytına baxanda adam dəhşətə gəlir. Məgər Müdafiə Nazirliyi iki şəxsdən ”“ nazir və baş qərargah rəisindən ibarətdir? Başqa ölkələrin Müdafiə Nazirliklərinin saytına baxsınlar. Gördünlər ki, o saytlarda hansı məlumatlar yerləşdirilir. Bu cür məlumatlar yerləşdirsinlər ki, mətbuat da bu məlumatlardan istifadə edə bilsin. Özləri sirləri qoruya bilmir və insanlardan kömək diləyirlər. Biz hələ müharivə aparmırıq. Ancaq sabah müharibə başlasa hesab edirəm ki, onlar özlərini tamamilə itirəcəklər”.
Hərbi ekspert Müdafiə Nazirliyində baş verən digər dəyişikliklərə də aydınlıq gətirib: “Müharibə aparan ölkənin üç hərbi hissəsini ləğv edirlər. Bildirirlər ki, bu, prezidentin struktur dəyişikliyinin optimallaşması ilə bağlı göstərişindən qaynaqlanır. Lakin məlum olur ki, əslində baş verənlərin səbəbi başqadır. Müdafiə Nazirliyinin daxilində iki beşmərtəbəli bina sökülür və onun yerində yeni binalar tikilir. İndi bir az pulumuz var deyə bu pulu hökmən dğıtmalıyıq? Ola bilməzmi ki, bundan normal məqsəd üçün istifadə edək? Müharibə qurtarar, istəsələr göydələn tikərlər. Mən baş verənlərdən məyusam. Mətbuatı, sosial şəbəkə iştirakçılarını günahlandırmaq lazım deyil. Müdafiə Nazirliyinin hüquq idarəsi var. Əgər kimsə qanun pozuntusuna yol verirsə, onu məhkəməyə versinlər və məhkəmə həmin şəxsləri məsuliyyətə cəlb etsin. Bir sözlə, nazirlik öz işini lazımi səviyyədə qursa, hər dəfə günahkar şagird vəziyyətində qalmazr”.
Seymur Əliyev







