Moderator.az-ın məlumatına görə, yazıçı-kinodramaturq Eldəniz Quliyev “Hürriyyət” qəzetinə açıqlamasında yazıçı-filosof Əlisa Nicatın onun və professor Rafiq Əliyev haqqındakı ittihamlarına münasibət ildirib. Öz növbəsində Ə.Nicata qarşı ciddi ittihamlar səsləndirən E.Quliyev, filosofu əsassız fikirlər irəli sürməkdə təqsirləndirib: “Əlisa Nicat “Hürriyyət” qəzetində dərc etdirdiyi yazıda mənə və Rafiq Əliyevə qarşı alçaldıcı mövqe tutub. Qeyd etmək isəyirəm ki, R.Əliyev Azərbaycanın ləyaqət simvollarından biridir. Bunu dünyada dərk etməyən yeganə şəxs şüursuz Əlisa Nicatdır. Məlum yazıda Ə.Nicat mənim ünvanıma da sözün birbaşa mənasında təhqiredici ifadələr işlədib. Mən bunu onun qocalığı ilə əlaqələndirirəm. Vaxtiylə İqrar Əliyev onu təhqir etmişdi. Biz çox böyük ciddi-cəhdlə bunu ört-basdır etməyə çalışdıq. Səhvə yol verdik. Çünki hərkəs öz təbiətini gec-tez hökmən ortaya qoyur. Bu gün Ə.Nicat yaşına, başına yaraşmayan hərəkət edir. Mənim haqqınmda bildirir ki, E.Quliyev 2-3 çap vərəqi həcmində boş-boş yazılar yazıb və s. Ola bilsin ki, mənim içim boşdur. Amma sevinirəm ki, yaxşı ki, içim Ə.Nicat kimi kinlə, irinlə dolu deyil. Mənim yazdığım 2-3 çap vərəqi yazı mənə məxsusdur, oradakı fikirlər mənə aiddir. Onlar yaxşı da, pis də olsa bu fikirlərin müəllifi mənəm. Amma bədbəxt Ə.Nicat qalaq-qalaq kitab yazsa da, orada ona məxsus bir dənə də olsun cümlə yoxdur. O, onun-bunun dediklərini yazıb. Onun bütün yaradıcılığı maklatura kimi dəyərləndirilməlidir”.