“1 aprel 2014-cü il tarixindən Azərbaycan Respublikası ərazisində Avro-4 ekoloji normaları tətbiq ediləcək”. Bu barədə Moderator.az-ı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində mətbuat xidməti məlumatlandırıb. Məlumatda deyilir: “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 2 nömrəli Qərarına əsasən 1 aprel 2014-cü il tarixindən Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələlərindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normaları tətbiq ediləcəkdir.
Bununla əlaqədar olaraq 15 yanvar 2014-cü il tarixində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində mətbuat konfransi keçirilmişdir. Mətbuat konfransında çıxış edən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirmişdir ki, 9 yanvar 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi keçirilmiş Nazirlər Kabinetinin iclasında ekologiyanın qorunması, atmosferi çirkləndirən amillərə qarşı ciddi mübarizənin aparılması və vətəndaşların ekoloji təhlükəsizliyinin etibarlı təminatı ilə bağlı ölkə başçısı tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq işlər sürətləndirilmişdir. Sabiq Abdullayev havanı çirkləndirən əsas amilin məhz avtonəqliyyat vasitələri olduğunu qeyd edərək, ekologiyanın qorunmasında “Avro 4 standartı”na keçidin zəruri olduğunu bildirmişdir. Bundan başqa Azərbaycanın müşahidə olunan sürətli inkişafını nəzərə alaraq ölkənin avtoparkının müasir avtomobillərlə əvəzlənməsi məqsədilə “Avro 4 standartı” mühüm rol oynadığı qeyd edilmişdir. Onun sözlərinə görə, “Avro 4 standartı”nın 1 aprel 2014-cü il tarixindən tətbiqi ilə bağlı artıq müvafiq qurumlar səlahiyyətlərinə uyğun olaraq işlərə başlamışlar”.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasında qüvvədə olan AZS 636-2012 “Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standartına əsasən ekoloji sinif - nəqliyyat vasitəsinin konstruksiyasına görə nəzərdə tutulmuş tullantıların səviyyəsindən asılı olaraq nəqliyyat vasitəsini xarakterizə edən təsnifat kodu hesab olunur. Konstruksiya ilə nəzərdə tutulmuş tullantıların səviyyəsindən asılı olaraq nəqliyyat vasitələri 6 ekoloji sinfə bölünür. Standartın tələblərinə uyğun olaraq 1 aprel 2014-cü il tarixdən etibarən avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə idxalı aşağıdakı cədvələ uyğun həyata keçiriləcəkdir:
Nəqliyyat vasitəsinin mənşə ölkəsi |
Nəqliyyat vasitəsinin buraxılış illəri |
Avropa İttifaqına daxil olan ölkələr (Almaniya, Böyük Britaniya, Belçika, Avstriya, Çexiya, Polşa, Hollandiya, İtaliya və s.) |
2005-ci ildən |
ABŞ |
2004-cü ildən |
Yaponiya |
2011-ci ildən |
Çin |
2011-ci ildən |
Koreya |
2006-cı ildən |
Türkiyə |
2009-cu ildən |
Şamil