1990-cı ilin 20 Yanvar faciəsindən 24 illik tarixi zaman keçsə də, o dövrdə baş verən bir çox sirli hadisələr bu gün də ictimaiyyəti narahat edən başlıca məqamlardan biri hesab edilir. Xüsusilə də, məlum dövrdə SSRİ rəhbərliyində təmsil olunan Mixail Qarboçovun 1990-cı ilin 15 yanvar tarixində fövqəladə vəziyyət elan etməsinə baxmayaraq, bu qərarın yalnız 20 Yanvar faciəsindən sonra xalqa bəlli olması milyonları düşündürən məsələlərdən biridir. Kremlin fövqəladə halla bağlı qərarının xalqdan gizli saxlanılması nə ilə bağlı idi və bu tarixi cinayətə görə konkret olaraq kimlər məsuliyyətə cəlb edilməlidir?
Bununla bağlı Moderator.az-ın sualını cavablandıran sabiq müdafiə naziri Rəhim Qazıyev baş verənlərə görə, o vaxtkı siyasi rəhbərliyin məsuliyyət daşıdığını, eyni zamanda 24 il əvvəlki müəammanın bu gün də müxtəlif məsələlərdə özünü büruzə verdiyini qeyd etdi: “Azərbaycanın xarici ölkələrlə bağladığı neft kontraktlarının mahiyyətindən, onların hansı şərtlər əsasında imzalandığından kim nə dərəcədə xəbərdardır? Bu gün də oxşaq müəammalar mövcuddur. Həmin vaxt Azərbaycanı idarə edənlər Moskvanın nökərləri idilər. Hansı qərarın, hansı göstərişin verilməsindən xalq yalnız o zaman xəbərdar ola bilirdi ki, bu barədə yuxarıdan məlumat verilsin. Təbii ki, bu məsələdə sapı özümüzdən olan baltaların da az rolu olmadı. Moskvanın təyin etdiyi rəhbər şəxslər Kremlin sifarişlərini yerinə yetirirdi. Və çox güman ki, fövqəladə vəziyyətlə bağlı qərarın xalqdan gizlədilməsi də bu siyasətin tərkib hissəsi idi”.
Seymur Əliyev