Müxalifətin radikal qanadı arasındakı didişmələr, gərginliklər, bir-birini təhqir etmələr, bir-birini suçlamalar hamısı onların mayasından irəli gəlir, bu, onların mahiyyətindəndir.
Moderator.az xəbər verir ki, bunu Gün.Az-a açıqlamasında hakim partiyadan olan millət vəkili Musa Quliyev dilə gətirib.
“Radikal xarakterli insanlar bir yerdə mümkün deyil ki, axıracan münasibət qursunlar, işbirliyində olsunlar və uzun müddətdə orda fəaliyyət göstərsinlər”-deyən millət vəkilinin sözlərinə görə, bu, onların hər ikisinin, yəni, AXCP ilə Müsavatın xarakterində olan bir haldır.
M.Quliyev qeyd edib ki, AXCP ilə Müsavat Partiyası arasında daim açıq və gizli bir mübarizə, savaş gedir:
“Onlar belə hesab edirlər ki, “ana müxalifət” olmaq iddiası və hüququ onların hər hansısa birinə məxsusdur. Amma əslinə baxanda isə dünya siyasi prosesinin təcrübəsinə görə “ana müxalifət” iqtidar partiyasından sonra parlamentdə daha çox yer götürən müxalifət partiyası sayılır.
Ona görə onların heç birisi normal qaydada nə “ana müxalifət”dir, nə də ümumiyyətlə, rəsmi olaraq müxalifət deyillər.
Çünki müxalifət partiyası o partiyadır ki, parlamentdə təmsil olunur və orada öz sözünü deyir, siyasi mübarizəsini orada aparır. Küçədə hər hansı bir mübarizə aparmaq görüntüsü sivil ölkələrdə, belə demək mümkünsə, özünə hörmət edən nüfuzlu partiyaların işi deyil.
O ki qaldı onların Milli Şurada toplanması, Milli Şuradan aralanması, Milli Şuranın çöküşü məsələsinə, biz hələ Milli Şura yanandan deyirdik ki, onun da sonu radikal müxalifətin ondan öncəki birliklərinin sonu kimi olacaq. Yəni, hər seçki dövründə müxalifətin radikal qanadı Azərbaycan elektoratına deyil, ən çox da onlara sponsorluq edən, Azərbaycandan kənardakı anti-Azərbaycan qüvvələrə özlərinin varlıqlarını, nəsə yaratdıqlarını göstərməkdən ötrü müxtəlif formatda, müxtəlif adda birliklər yaradırlar”.
Millət vəkilinin bildirdiyinə görə, bundan öncə radikallar “Demkonqres”, “Azadlıq bloku”, “Qarabağ” bloku , “SİDSUH”, sonda İctimai Palata ilə Milli Şura yaratdılar və onların hamısının da nəticəsi eyni oldu:
“Hər seçki qurtarandan sonra o formatlar dağıldı və çıxdı getdi. Yəni, onlar aldıqları qrantı aldılar, xərclədikləri pulu xərclədilər, verdikləri hesabatı da verdilər. Bundan sonra onların ən azı birlik şəklində qalmasının da bir mənası yox idi və bunları Azərbaycan ictimaiyyəti də, hər kəs də bilir.
Amma bunların-istər Müsavatın olsun, istər AXCP-nin olsun ən böyük xəyanəti Azərbaycanda müxalif fikrə qarşıdır. Yəni, müxalif fikirli insanları, tam səmimiyyətlə müxalifətdə olan insanları azdırmaq və arzularını puça çıxarmaqdır. Eyni zamanda, Azərbaycanda normal müxalifətin formalaşmasına zərər , zərbə vurmaqdır.
Dünya praktikasında ikinci bir ölkə tapılmaz ki, orada müxalifətdə olan partiyalar 20 il ərzində bütün seçkiləri uduzsun və onların sədrləri də, müavinləri də, Rəyasət Heyəti də olduğu kimi qalsın. Nəinki özünə hörmət edən siyasi lider, siyasi fəal adam, hətta özünə hörmət edən orta statistik bir insan da belə bir vəziyyətdə istefa verməli, yerinə yeni adamları dəvət etməli idi.
Ona görə müxalifətin radikal qanadındakı partiya lideri adını qəsb edən, o adı öz əllərində saxlamağa çalışan insanlar, əslində nə Azərbaycanda siyasi proseslərin inkişafına xidmət edirlər, nə müxalifətə xidmət edirlər, nə ətrafındakılara münasibətdə səmimidirlər, nə də öz üzvlərinin az-çox siyasi və maddi gəlirləri, dividentləri üçün çalışırlar”.
Adıçəkilən qüvvələrin ikinci dəfə hakimiyyətə gələcəyi təqdirdə, ölkədə nələrin yaşana biləcəklərinə gəlincə, millət vəkili tam əminliklə hesab edir ki, həmin qüvvələr bir də heç vaxt Azərbaycanda ikinci dəfə hakimiyyətə gələ bilməzlər.
“Birincisi, onlar Azərbaycan xalqını bundan sonra dəfə heç vaxt aldada və ya onların inamını qazana bilməzlər. Çünki əgər “ikinci dəfə” söhbət olsaydı, bu neçə il ərzində olardı. Ən azı onun görüntüləri olardı. Ancaq Azərbaycanda dövlətçilik çox möhkəmlənib.
Azərbaycanda qanunla, demokratik yolla hakimiyyətə gəlmək, hakimiyyətdə olmaq, seçki yolu ilə qələbə qazanmaq ənənəsi formalaşıb. Və başqa yolla, güc yolu ilə Azərbaycanda hakimiyyətə gəlmək daha mümkün deyil. 1995-ci ildə buna nöqtə qoyuldu. Ona görə də bunu təsəvvür etmək mümkün deyil.
Amma nəzəri cəhətdən hardasa fikirləşsən ki, bu adamlara bir günlük də olsa hakimiyyəti versən, nə edərlər, Allah göstərməsin, fəlakət olar. Təkcə Azərbaycanda yox, bütövlükdə regionda böyük fəlakət olar. Hesab et ki, benzini tökmüsən bir binaya və kibriti də vermisən bunların əlinə...”- deyə, millət vəkili sonda sözlərinə əlavə edib.