Müsavat Partiyasının Milli Şuradan çıxmasından sonra AXCP rəhbərliyində təmsil olunan müxtəlif şəxslər tərəfindən Müsavata yönəlik ittihamların sayı artmaqdadır. Müsavatı hakimiyyətə xidmət etməkdə, müxalifətin maraqlarına zərbə vurmaqda ittiham edən AXCP yetkililərinin məlum açıqlamaları Müsavat Partiyasında ciddi narazılıq doğurmaqdadır. Bununla bağlı Moderator.az-ın sualını cavablandıran Müsavat Partiyasının Divan üzvü, sabiq millət vəkili İkram İsrafil partiyalar arasındakı mövcud vəziyyətin arzuedilməz olduğunu vurğuladı: “AXCP və Müsavat arasındakı qarşılıqlı ittihamlarda sədrlər iştirak etmir. Sədrlər səviyyəsində belə bir açıqlamaya rast gəlinməyib. AXCP rəhbərliyində təmsil olunan insanların Müsavat Partiyasının Milli Şuradan çıxması ilə bağlı söylədikləri cəfəngiyyatdır. Bu cəfəngiyyata isə Müsavat Partiyasından mən də daxil olmaqla bir neçə nəfər aydınlıq gətirib. Və təbii ki, iki partiya arasındakı mövcud durum arzuedilməzdir”.
Seymur Əliyev