KXCP sədri Mirmahmud Mirəlioğlu Milli Şuranın adının, strukturunun, idarəedilməsinin dəyişdirilməsi təklifi ilə çıxış edib. Partiya sədrinin fikrincə, belə bir dəyişiklik Milli Şuranın daha optimal fəaliyyəti baxımından mühüm əhəhmiyyət kəsb edə bilər. Lakin bəzi siyasilər hesab edir ki, Milli Şurada təmsil olunan qüvvələrin keyfiyyətini, onların bir-birinə olan münasibətini dəyişmədən bu cür formal dəyişiklilərlə hansısa uğura imza atmaq mümkünsüzdür. VİP sədri Əli Əliyev isə Moderator.az-a açıqlamasında KXCP sədrinin məlum təklifinin məqsədəuyğun olduğunu vurğuladı: “Əslində M.Mirəlioğlunun söylədiklərində həqiqət var. Milli Şura Azərbaycan xalqının siyasi yaddaşına Moskvanın layihəsi kimi daxil olub. Orada toplanan müxalifət qüvvələri, bu qüvvələri təşkil edən insanlar Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında çox böyük xidmətlər göstərən şəxslər idi. Mən sonuncu prezident seçkiləri ərəfəsində də bildirirdim ki, nüstəqilliyin qazanılmasında xidmtləri olan şəxslərin Moskvanın layihəsində yer alması Azərbaycan siyasəti üçün utancverici bir haldır. Xalq Milli Şuradan, oradakı proseslərdən xəbərdardır. Mənə elə gəlir ki, son hadisələrdən, yəni Müsavat Partiyasının Milli Şuradan ayrılmasından sonra müəyyən kəsimlərlə müxalifətin əməkdaşlığı mümkündür. 2010-cu ildə “Azadlıq” blokunun çökməsinə səbəb olan AXCP-Müsavat yaxınlaşması indi də əks istiqamətdə Milli Şuranın çökməsinə gətirib çıxardır. Lakin zənnimcə, Milli Şuradakı qalan qüvvələri təşkilatlandırmaq mümkündür. Bu baxımdan M.Mirəlioğlunun təklifi qəbul edilə bilər”.
Seymur Əliyev