“Müsavat Partiyasının Milli Şura adlanan qeyri-ciddi bir qurumu tərk etməsində qeyri-adi heç nə yoxdur, bu, əslində çoxdan gözlənilən idi”.
Moderator.az-ın məlumatına görə bu sözləri Gün.Az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin və Siyasi Şurasının üzvü, parlamentin komitə sədri Eldar İbrahimov dilə gətirib.
YAP funksionerinin sözlərinə görə, adıçəkilən qurum yaranan gündən Müsavatla həmin Milli Şuraya rəhbərlik edən şəxslər, orada təmsil olunan digər təşkilatlar arasında ciddi problemlər, qalmaqallar yaşanır və özünü büruzə verirdi.
Millət vəkili eyni zamanda qeyd edib ki, təsadüfi deyil ki, Milli Şuradan kənarda qalan və ya saxlanılan Müsavatətrafı qüvvələr də həmin təşkilatı mütəmadi olaraq hədəfə götürür, onu başqa ölkənin və dairələrin layihəsi adlandırırdılar.
E.İbrahimovun həmçinin dediyinə görə, Milli Şuranı hədəfə alan həmin Müsavatətrafı qüvvələr Müsavat Partiyasının və onun rəhbərliyinin tapşırığı, sifarişi olmadan bunu özbaşlarına edə, özfəaliyyətlə məşğul ola bilməzdilər.
“Buna da təbii ki, əsas səbəb ilk gündən Milli Şurada qüvvələr nisbətinin Müsavatın xeyrinə olmaması idi. Müsavat, onun lideri bütövlükdə radikal müxalifətin və Milli Şuranın vahid, əsas namizədi kimi seçkilərə qatılmaq iddiasındaydı və bunu da heç zaman gizlətmirdi. Amma dediyim kimi, Milli Şurada qüvvələr nisbəti Müsavatın və onun başqanı İsa Qəmbərin xeyrinə deyildi.
Milli Şurada 3-5 nəfərdən başqa demək olar ki, Müsavata və onun liderinə dəstək verən, onu vahid, əsas namizəd qismində görən yox idi. İstər Əli Kərimli, istər Rəsul Quliyev, istər Lalə Şövkət, istər Mirmahmud Mirəlioğlu, istər Eldar Namazov, istərsə də, onların rəhbərlik etdiyi azsaylı təşkilatlar Müsavatın və onun başqanının liderliyini birmənalı olaraq qəbul və həzm edə bilmirdilər.
Yeri gəlmişkən qeyd edim ki, bu tendensiya neçə illərdir ki, davam edir.
Eyni zamanda, Müsavat və onun lideri də adıçəkilən şəxslərə və onların təşkilatlarına qarşı zaman-zaman öz mənfi münasibətini sərgiləməkdən çəkinmirdi.
Vaxtaşırı olaraq Müsavat Partiyasının lideri və həmin partiyanın rəhbər şəxslərindən tutmuş sıravi üzlərinə kimi hamısı Milli Şurada təmsil olunan siyasətçilərə, onların rəhbərlik etdikləri təşkilatlara qarşı ən sərt, ən ağır ittihamlar səsləndirirdilər.
Prezident seçkilərindən sonra yaşanan növbəti uğursuzluq, fiasko isə Milli Şuradakı gərginliyi daha da artırdı, bu təşkilatda qarşıdurma, parçalanma pik həddinə çatdı.
Yəni, Milli Şura daxilində heç cür iddiaları təmin olunmayan Müsavatla digər təşkilatlar arasında münasibətlər birmənalı şəkildə pisləşdi və bu baxımdan, əslində Müsavat üçün Milli Şuradan ayrılmağa bir bəhanə, fürsət yaranmış oldu.
Müsavat da bu fürsətdən yararlanaraq sonda Milli Şuranı gözlənildiyi kimi, tərk etdi. Amma istər Müsavat Milli Şurada qalsın, istər qalmasın və yaxud da, ayrılıqda fəaliyyət göstərsin, istər Milli Şura olsun, istər olmasın, heç bir fərqi yoxdur və olmayacaq. Bu gün Müsavat, Milli Şura başda olmaqla bütün radikal qüvvələr çox zəif və gücsüzdürlər.
Onların cəmiyyətdə heç bir siyasi çəkisi, nüfuzu, təsiretmə imkanları yoxdur. Bunun da əsl səbəbi onların uzun illərdən bəri davam etdirdikləri yarıtmaz siyasi fəaliyyətləri ilə bağlıdır...” - deyə, E.İbrahimov sonda sözlərinə əlavə edib.