Tanınmış hərbi ekspert, birinci Qarabağ savaşının qəhrəmanlarından olan Üzeyir Cəfərov deputat Adil Əliyevin “24 saata Qarabağı alarıq” açıqlamasına və bu açıqlamaya şərh verən deputatların pafoslu bəyanatlarına Moderator.az-da maraqlı münasibət bildirib:
“Milli Məclisin deputatı Adil Əliyevin
Qarabağı 24 saata azad etməyin mümkün olması ilə bağlı sosial şəbəkədə
paylaşdığı xəbər demək olar ki, son günlərin ən çox müzakirə olan mövzularından
biridir. Şəxsən mən bu
açıqlamanı normal qəbul edənlərdən biriyəm. Mən Adil bəyi başa düşürəm, bu, vətənpərvərlik
duyğusundan irəli gələn bir açıqlamadır. Amma onun dediyi 24 saatlıq vaxt hərbi
nöqteyi-nəzərdən real olmayan müddətdir. Bunu peşəkarlar yəqin ki, daha yaxşı bilirlər. Bir günə
Qarabağ kimi 20 faizlik Azərbaycan ərazisini işğaldan azad edəcəyimizə
inanmıram. Amma hər halda biz bunu etməli, torpaqların azadlığına nail
olmalıyıq. Çünki bizim torpaqlar işğal altındadır və bu məsələni Azərbaycan əsgəri
həll etməlidir. 24 saat da olmasa, hesab edirəm ki, bir neçə günə, ola bilsin
ki, bir həftəyə, on günə Qarabağı azad etmək mümkündür. Çünki həm vaxt
baxımından həm də döyüş tapşırığını yerinə yetirən şəxsi heyətin fiziki
imkanlarını nəzərdən qaçırmaq olmaz. Bundan əlavə də, həm də ərazinin miqyası
qısa müddətdə döyüş əməliyyatlarını başlamağa və uğur qazanmağa xeyli problemlər
yaradır. Bu, sadəcə bir Azərbaycan vətəndaşı kimi Adil Əliyevin arzusudur ki,
biz qısa müddətdə torpaqlarımızı işğaldan azad edə bilək. Bunu hər birimiz arzu
edirik.
Deputat A.Əliyevin şəhid olmaq arzusunu ifadə etməsinə
də fikrimi
bildirmək istərdim. “Statusunu gördüm
ki, o, Qarabağ uğrunda şəhid olmaq arzusunu dilə gətirib. Təbii ki, biz bir nəfər
də itki verməyimizi istəməzdik. Amma bu, müharibədir, itkilərin olması mümkündür
və deputatın belə bir mövqe sərgiləməsi də təqdirolunandır. Gəlin görək,
reallıqda Milli Məclisdə oturan 125 nəfərlik heyətdən neçə nəfəri bu müharibənin
ilk illərində orda fədakarlıq göstərib və əgər ikinci belə bir savaş açılarsa
neçəsi silaha sarılacaq. Bildiyim qədər, yalnız Ümid Partiyasının sədri İqbal bəy
Ağazadə müharibə iştrakçısıdır. Və müharibə aparmış, müharibə vəziyyətində
olan dövlətin Ali qanunvericilik orqanında barmaqla sayıla biləcək qədər
millət vəkilinin olması da düşündürücü məsələ olmalıdır. Tam səmimi deyirəm ki,
bizim millət vəkillərindən bir çoxu, sadəcə boğazdan yuxarı, özlərini reklam
xatirinə, kamera qarşısında cuşa gəlib pafoslu sözlər danışırlar. Mən bunu qətiyyən
Adil bəyə şamil etmirəm. Mən bu şəxsi tanıyıram və bilirəm ki, çoxlarından fərqli
olaraq o da, yaxınları da Qarabağ savaşından
xeyli əziyyət çəkiblər. Hətta Adil bəyin bacısının həyat yoldaşı Eldar
Arazov, səhv etmirəmsə, mənim xidmət keçdiyim Füzuli döyüş bölgəsində ermənilərlə
döyüşlərdə şəhid olub. Ancaq
bu gün bir çox millət vəkillərimiz
var ki, onlar adicə Qarabağ qazilərinin, veteranlarının problemlərini dilə belə
gətirmək istəmirlər. Bax bundan danışmaq lazımdır.”