Moderator.az Türkiyə telekanallarına istinadən xəbər verir ki, bir türk əsilli İsveçrə vətəndaşı yaşadığı ölkənin qanunlarını kobud şəkildə pozduğu üçün vətəndaşlıqdan çıxarılaraq ölkədən qovulub. Belə ki, türk əsilli avtoxuliqanın il ərzində dalbadal 3 dəfə yol nəqliyyat hadisəsi törətməsi bu ölkənin qanun keşikçilərinin səbrini daşırıb və onlar çıxış yolu kimi məsələni birdəfəlik həll etmək istəyiblər.
Əlbəttə, ilk baxışdan insan haqları baxımından İsveçrə hökumətinin bu qərarı birmənalı qarşılana bilməz. Ancaq bəzən bu cür radikal qərarları da qəbul etmək zərurəti yaranır. Yaxşı olardı ki, bizdə də buna bənzər cəza tədbirləri görülsün və il ərzində iki dəfə qəza törədən və ya yol-hərəkət qaydalarını kobud şəkildə pozan sürücülər ömürlük sürücülük hüququndan məhrum edilsinlər.
Yeri gəlmişkən, bir müddət öncə Moderator.az-ın əməkdaşı belə bir sualla Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevə müraciət edərək belə bir cəzanın Azərbaycanda da tətbiqinin mümkünlüyünü soruşmuşdu. K. Əliyev bunun sürücülərə ifrat haqsızlıq olduğunu bildirərək həyata yalnız bir dəfə gələn insanın bu hüquqdan ömürlük məhrum edilməsinin qəbuledilməz olduğunu söyləmişdi. Ancaq unutmayaq ki, birisi ömürlük sürücülük hüququndan məhrum edilməsin deyə kimlərsə ömürlük şikəst olurlar və ya ömürləri yarıda qalır...