Yeni ilin ilk günlərindən mətbuatda Milli Şuranın daxilindəki mövcud ziddiyyətləri daha da qabardacaq bir situasiyanın yetişdiyi iddia olunur. Belə ki, qurumun sədr aparatı formalaşandan sonra indi də bəzi üzvlərin xəbəri olmadan gizli şəkildə İdarə Heyəti formalaşdırıldığı iddia olunur.
Milli Şuranın beynəlxalq əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəyli
Moderator.az-a açıqlamasında mətbuatda yayılmış bu iddiaların tamamilə yanlış
olduğunu bildirdi:
“Heç bir gizli siyahıdan söhbət gedə bilməz. Mən mətbuatı belə ucuz
sensasiyalar ardınca qaçmamağa çağırıram. Milli Şura ictimaiyyətə açıq, şəffaf
bir qurumdur. Bütün qərarları müzakirə və açıq səsvermə yolu ilə qəbul edir.
Milli Şuranın heç bir gizli siyahısı yoxdur və olmayacaq. Milli Şuranın ilk
iclasında açıq səsvermə yolu ilə qəbul etdiyimiz Nizamnaməyə əsasən Milli
Şuranın sədri Milli Şuranı idarə edən Məşvərət Məclisi və ya Koordinasiya
Şurası- ad şərtidir-yaratmaq səlahiyyətinə malikdir. Formalaşdırılma səlahiyyəti sədrə aid olan bir qurum niyə
gizli yaradılmalıdır ki? Axı bu hüququ Milli Şuranın sessiyası bilavasitə sədrə
həvalə edib. Milli Şuranın sessiyalararası dövrdə idarəetmə orqanı olacaq bu
qurum Milli Şuranı təsis etmiş və təşkilatda fəaliyyətini davam etdirən siyasi partiyaların
sədrlərindən və Milli Şuranın sessiyasında açıq səsvermə yolu ilə seçilən
komissiya sədrlərindən ibarət olacaq. Koordinasiya Şurasının tərkibi ilə bağlı
istənilən digər qərar qəbul etmək hüququ, bu barədə MŞ-ın sessiyasında hər hansı fərqli qərar qəbul
olunmayanadək, Milli Şuranın sədri professor Cəmil Həsənlinin müstəsna səlahiyyətidir.