Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yeni ilin ilk günlərinin rəsmi şəkildə qeyri-iş günü elan edilməsinə baxmayaraq, büdcədən maliyyələşən idarələrin əməkdaşlarını işə cəlb edib. Bu barədə Moderator.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, dünən və bu gün Sumqayıtda “Sülh” küçəsindəki parkda quruculuq işləri həyata keçirilməkdədir: “Son iki gündür ki, Sumqayıt şəhərində yerləşən əlaqədar qurumların əməkdaşları park və xiyabanların abadlaşdırılması prosesinə cəlb edilib. Səhər saatlarından axşama qədər köhnə səkilərin yeniləri ilə əvəzlənməsi, fəvvarələrin quraşdırılması və s. kimi işlərlə məşğul olan fəhlələr, bayram günlərində işə cəlb edilməklərindən ciddi şəkildə narazı olsalar da, öz etirazlarını açıq formada ortaya qoya bilmirlər. E.Əzizovun “quruculuq eşqi”nin qurbanları olan fəhlələr iddia edir ki, hər hansı narazılıq dərhal işdən azad olunma ilə nəticələnir ki, bu da ciddi işsizlik probleminin mövcud olduğu indiki zamanda böyük problemdir. Məhz bu səbəbdən də onlarla fəhlə öz iş yerini qorumaq üçün bayram günü də işləməyə, istirahət günlərində belə çalışmağa məcburdur”.