Bakı sakini Həsənov Camal Moderator.az-a məktub ünvanlayaraq ailəsi ilə birgə aclıq aksiyası keçirdiyini bildirib. Məktubu olduğu kimi oxucularımıza çatdırırıq.
Mən Həsən Camalov, 4 xanımım və 13 övladım 25 dekabr səhərindən etibarən aclıq aksiyasına başlamışıq.
Bu yazını yazanda artıq 178 saat geridə qalmışdır.Hər iki ailə rəsminə diqqətlə baxsanız, 178 SAAT aclığın insanda nə cür iz buraxdığını bariz şəkildə görərsiniz.
Bizi bu addıma VADAR edən məmur, Sabunçu İcra Hakimiyyətinin Başçısı Adil Vəliyevdir. "Sabunçu rayonunu öz cibimin pulu ilə abadlaşdırıram" deyib vətəndaşa minnət qoymaqla, əslində gözdən pərdə asır. "Abadlıq"adı altında Rayonda əsasən yol kənarı və pula gedən nə qədər "boş" və ya "dolu"nə yer varsa,haq-nahaq Hacıbala qağasına bir sərəncam yazdırıb satır "kim çox pul verər"ə.Yəni rayondan sıyırıb rayona yamayır. Amma təbii ki yarısını !....Ki, yəqindir, onu bu vəzifəyə təyin edən Prezident bir gün ondan hesab soracaq. Bizim dərdimiz öz evimiz və öz torpağımızdır.
Bakıxanov qəs, Sülh küç, 14/2 ünvanda yerləşən, qanuni sənədlə bizə məxsus olan 400 kv.m torpaq sahəmizi, qoluzorbalıq edərək əlimizdən alaraq başqasına "satıb". Yaşadığımız Bakıxanov qəsəbəsi Səmədbəy Mehmandarov küçəsi, ev 26/1 ünvanda yerləşən Evimizə isə göz dikib, Evimizə bitişik (3 metr) 11 mərtəbəli bir bina inşa etdirir, uşaqlarım daima ölüm təhlükəsi altında yaşayır. Məqsədi mülkümüzü dəyər-dəyməzinə əlimizdən almaqdır. Məzlum vətəndaşın əlindəki quru çörək belə. hər şeyi özününkü sanan məmurun gözünə əcaib görünür axı.
Ən acınacaqlısı və bizi qəhr edən isə odur ki, bizi belə kritik, geriyə yolu olmayan addıma Vadar edən, o Vadar edənə havadarlıq edən, o Vadar edəndən ölkə prezidenti İlham Əliyevə yazdığın şikayət məktublarını hər dəfəsində cırıb zibil yeşiyinə atan və göstərdiyi xidmət qarşılığında Prezidentinə xəyanət edərək o Vadar edəndən "təşəkkür" alan məmurlar keçən 178 saat müddətdə ailələri ilə birlikdə keyf və damaq içrə həyatlarını sürdürməkdədirlər.
Aclıq aksiyasına başladığımız andan artıq 178 SAAT keçməsinə baxmayaraq, bizim halımızla, bu haqda məlumat verdiyimiz heç bir dövlət qurumundan maraqlanan belə olmayıb. Səhiyyə nazirliyi rəsmi məktub ünvanladığıma rəğmən, Allahın bir həkimini belə göndərməyib ki, bir gedin görün bu ailədə nə baş verir. Sağdırlarmı? Ölürlərmi? Hələ dekabr ayının 23-ündən bəri bütün İnternet, KİV və TV kanallarına bu haqda rəsmi məktub ünvanlamışıq. Kütləvi İnformasiya Vasitələrinin heç birindən maraqlanmayıblar. Amma "Ağcabədidə bir oğlan bir qızla toy etdi", "gəlin qaçdı", "gədə göz yaşı tökdü", "oğlan qız qaçırdı". "oğlan təzədən toy etdi" deyə, bu hadisə Azərbaycanın televiziya ekranlarından bəlkə 10 gün gündəmdən düşmədi. 10 gündür ki, hər tərəfə aclıq aksiyası haqqında rəsmi məktublar ünvanlamışam, Allahın bir zəngini belə etməyiblər. Budurmu obyektivlik ? Budurmu "Ancaq doğruları və Xalqın problemlərini" qərəzsiz və operativ şəkildə Xalqa çatdıran KİV-lərimiz ??? Vətəndaş zülm ayaqlarkən heç kim maraqlanmır, elə ki faciəvi şəkildə öldü, baah baah, olur qəhrəman, qəzetlərə manşet, xəbər materialı.
Dünən, artıq üz tutdum Türkiyə və Avropa KİV-lərinə. Bəlkə onlar bizim fəryadımıza qulaq verib yayımlayar, fəryadımız Prezident İlham Əliyevin mübarək qulağına çatar. AH,AH,AH. kaşkə tezliklə çata. Bax onda görmək istəyərəm haqqımızı yeyib, bizə zülm edən bu məmurların üz cizgilərini.
Hələ 5 gün öncə Sabunçu RPİ-nə dəvət olundum, və bir daha prezidentimə əlbəəl məktub vermə yolları aramaq imkanından məhrum edildim, dilimdən iltizam alındı ki, "ay qoyun vətəndaş sən neujeli anlamırsan ki, biz sənin kimiləri elə özümüz otarırıq da, sənin Prezidentin yanında nə işin var axı?"
O isə, mən bütün ailəmlə bərabər seçkilərdə prezidentimizə səs verdik. Amma, səsimizi ona görə verdik ki, Prezident İlham Əliyev gənc və dinamik Prezidentdir, Azərbaycanımızı işıqlı gələcəyə aparar, humanist insandir, biz sıravi vətəndaşın haqq və hüquqlarını, mal və mülklərini acgöz və rüşvətxor VADAR edənlərdən qoruyar, bir sözlə quzunu qurda yedirtməz.
Qulaqlarımızdan hələ də Prezidentimiz İlham Əliyevin məşhur: "Mən hər bir azərbaycan vətəndaşının prezidenti olacağam" kəlamı getməyib.
178 SAAT. Təsəvvür edirsinizmi? 178 saat bir insan ağzına heç bir qida qoymadan yaşadıqdan sonra, onun ağlı, düşüncəsi, indiyə və gələcəyə baxışı necə və nə qədər dəyişir? İnsan aclığın 178-ci saatından sonra artıq nələr düşünməyə başlayır?
Həyat və onun içindəkilər insanın amalının, əqidəsinin qarşısında yavaş-yavaş öz dəyərini itirir. Ağıl hər şeyə üstün və hakim kəsilir. Bax bu nöqtədə, Zaur Həsənov kimi Qazilərin o cür kritik addımlara nədən məcbur olduqlarını daha yaxşı anlamağa başlayırsan.