AXCP sədrinin keçmiş müavini, Xalq Arzusu hərəkatının rəhbəri Asəf Quliyev Moderator.az-a açıqlamasında 1989-cu ilin sərhəd hərəkatından danışıb. 1989-cu ilin sonlarında baş verən hərəkatın meydana çıxma səbəblərinə toxunan A.Quliyev sərhədlərin sökülməsi ilə bağlı yaranan problemlər, tərəddüd və çətinliklər haqında da maraqlı faktlara toxunub: “1989-cu ildə Berlin divarlarının sökülməsinin ardınca üç Pribaltika respublikası vətəndaşlarının əl-ələ tutaraq birlik nümayiş etdirməsi bizdə də fikir yaratdı ki, bizdə İranla sərhəddə Cənubi Azərbaycanla birlik nümayiş etdirmək üçün sərhəd qırağında tədbir keçirək. Noyabr ayında AXC Naxçıvan MR təşkilatının məclisində məsələ müzakirə edildi. Qərara alındı ki, dekabr ayının 4-də sərhəd qırağında əl-ələ tutaraq tədbir keçirilsin. Tədbirin keçirilməsi üçün təşkilat komitəsi yaradıldı və mən təşkilat komitəsinin sədri seçildim”.
İlk aksiya, ilk uğur
A.Quliyevin bildirdiyinə görə, ilk aksiya müvəffəqiyyətlə baş tutdu: “İlk tədbir uğurlu alındı. 4 dekabr tədbirindən sonra insanlarda bir inam yarandı. Məclis ikinci tədbirin keçirilməsi üçün müzakirələr apardı və 12 dekabrda növbəti aksiyanı elan etdi. 4 dekabr əsasən Naxçıvan şəhəri ətrafını əhatə edirdisə, 12 dekabr aksiyası bir neçə rayonda təşkil olundu. 12 dekabr aksiyasında cənub tərəfdən də müəyyən reaksiyalar oldu. Birinci aksiyadan fərqli olaraq, əhali bu aksiyaya daha aktiv qoşuldu. Bu bizdə özümüzə inamı daha da artırdı. 12 dekabr aksiyasından sonra sərhədlərin sökülməsi gündəmə gəldi. Demək olar ki, bir gündən bir məclisin toplantısı keçirilir, məsələ davamlı müzakirə olunurdu. Müxtəlif fikirlər var idi. Əksəriyyət sərhədlərin sökülməsinin əleyhinə idi. Qarşıdan 21 azər gəlirdi ki, həmin gün növbəti aksiyaya qərar verilmişdi. 21 dekabr aksiyasının kütləviliyini təmin etmək üçün dekabrın 19-na mitinq təyin edildi. AXC Naxçıvan MR təşkilatının 18 dekabr yığıncağında sərhədlərin sökülməsi müzakirə olundu və səs çoxluğu ilə rədd edildi. 19 dekabr mitinqində elan elədim ki, sərhədlərin sökülməsi 15 nəfərin qərarı ola bilməz. Bu, millətin məsələsidir. Buna millət qərar verməlidir”.
Əbülfəz Elçibəy tərəddüdlərə son qoyur
A.Quliyevin sözlərinə görə, həlledici məqamda Ə.Elçibəyin sözü bütün tərəddüdlərə son qoydu: “Sərhədlərin sökülməsini mitinqdə səsə qoydum və bir nəfər kimi hamı səs verdi. Artıq məsələ həll olmuş, meydanı alqış səsləri bürümüşdü. Azərbaycanın 12 naziri Naxçıvana gəldi, bizimlə danışıqlar apardı. Onlar bizi inandırmağa çalşırdılar ki, biz səhv qərar vermişik. Yerli hakimiyyət orqanları hər gün çalışırdılar ki, bizi bu qərarımızdan çəkindirsinlər. Zaqafqaziya sərhəddinə gəldilər, lakin biz sözümüzdən dönmədik. 21 dekabrda bütün sərhəd boyu geniş aksiya keçirildi və aksiyadan sonra Ordubadda, Culfada, Nehrəmdə, Şaxtaxtı kəndində çadırlar quruldu, sərhəd qırağında qaldıq. 21 dekabr aksiyasında 10 minlərlə cənublu soydaşımız o taydan bizə dəstək oldu. Qərar verilsə də, bəzilərinin içində tərəddüd var idi. Məsələni Elçibəylə müzakirə edib razılıq almaq lazım idi. Dekabr ayının 26-da Bakıya gəldim və rəhmətlik Elçibəylə görüşüb məsələni izah etdim. Elçibəy mənə “gedin sökün”dedi”.
Cənublu soydaşlarımızdan dəstək
A.Quliyevin bildirdiyinə görə, Ə.Elçibəy görüş əsnasında digər rayonlarla da əlaqə yaratmağın vacibliyinə toxundu: “Məsləhət gördü ki, digər rayonlarla da danışaq və onlar da bizə qoşulsun. Qayıdanda Zəngilan rayonunda oldum, onların konfransında iştirak etdim. Bizə qoşulmalarını təklif etdim. Bakıdan qayıdıb Elçibəyin münasibətini bildirdim. Ayın 29-da yerli hakimiyyət orqanları təklif etdilər ki, siz sərhəd qırağından çəkilin, əsas yerlərdə biz özümüz sərhədi sökəcəyik. Lakin biz buna razılıq vermədik. Dekabrın 31-də təşkilat komitəsinin sədri kimi saat 12-də çıxış edib 31 dekabrı dünya azərbaycanlılarının birlik günü kimi elan etdim və toplantı iştirakçılarını sərhədləri sökməyə çağırdım. Qısa zaman içində 193 kilometr məsafədə sərhədlər söküldü. Həmin gün 10 minlərlə soydaşımız çayın o tayında bizə dəstək oldu. Minlərlə adam öz qohumunu tapdı”.
Seymur Əliyev