Moderator.az xəbər verir ki, dekabrın 29-da Gəncədə bir sıra bayram ovqatlı tədbir baş tutub.
Belə ki, səhər tezdən müjdə soraqlı xəbərlər gəncəliləri ürəkdən sevindirib. Şəhər ictimaiyyətinin nümayəndələri xüsusi təntənə ilə Yevlax-Gəncə və Gəncə Dairəvi Avtomobil yolunun açılış mərasimini böyük rəğbətlə qarşıladılar. Açılış mərasimində Azərbaycan Respublikasının Nəqliyyat naziri Ziya Məmmədov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov, şəhər rəsmiləri, ictimaiyyətin və KİV-in nümayəndələri iştirak ediblər. Bakı-Ələt-Qazax avtomobil magistral yolunun 344-cü km-dən 382-ci km-ə qədər hissəsində yüksək səviyyədə təmir işləri aparılıb.
Tikinti işlərinə 2009-cu ilin
mart ayından başlanılıb. 4 hərəkət zolağından ibarət yolun 2 hərəkət zolağı
İtaliyanın Empresa şirkətinin, digər 2 hərəkət zolağı isə Koreyanın Ultra Azerko
şirkətinin Azərbaycanla birgə əməkdaşlığı ilə inşa edilib. Yolboyu 4 körpü, 8
avtobus dayanacağı salınıb və 82 ədəd müxtəlif diametrli borulardan istifadə
olunub. Yolda işarə lövhələri, yol nişanları, zəruri hissələrdə isə işıqlandırma
sistemi quraşdırılıb.
Qeyd edək ki, tikinti işləri Asiya
İnkişaf və Koreyanın Şinhan Bankı tərəfindən maliyyələşdirilib.
***
Həmin gün Gəncə Dəmiryol stansiyasının
inzibati binasının əsaslı təmirdən sonra açılışı oldu. Açılışda Azərbaycan
Respublikasının Nəqliyyat naziri Ziya Məmmədov, Gəncə şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, millət
vəkili Cavid Qurbanov, şəhər rəsmiləri, ictimaiyyətin və KİV-in nümayəndələri
iştirak ediblər.
Açılış mərasimindən sonra
tədbir iştirakçıları inzibati binanı gəziblər. Binanın foyesində ulu öndər
Heydər Əliyevin büstü qoyulmuş, ümummilli liderin və Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən
foto-stend yaradılıb.
2013-cü ilin yanvar ayından
start verilən əsaslı təmir prosesində stansiyanın inzibati binasının 2300
kvadratmetr dam örtüyü müasir tələblərə uyğun yenidən qurulub, 2600 kvadratmetr
fasadı üzlük aqlay daşı ilə üzlənib. Qapı və pəncərələri dəyəşdirilib, döşəmə
1500 kvadratmetr həcmində qranit daşla təmir edilib.
Burada qazanxana inşa edilib
və bina mərkəzləşdirilmiş kondisioner və istilik sistemi ilə təchiz olunub.
Sərnişinlərin rahatlığı üçün stansiyada VİP zalı, ana və uşaq otağı, tibb
məntəqəsi var.
Yeni inzibati binada müvafiq
işçilər üçün yüksək komforta malik iş otaqları yaradılıb.
Gəncə stansiyasının əsaslı
təmirini “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Dəmir
yollarının və texniki qurğularının təmir-tikinti Departamenti həyata keçirib.
Açılış mərasimlərinin sonunda
Nəqliyyat naziri Ziya Məmmədov gəncəliləri Yeni il və Dünya Azərbaycanlıların
Həmrəyliyi Günü, yeni mühüm tikililərin açılışı münasibətilə təbrik edib, KİV
nümayəndələrinin suallarını cavablandırıb.
“