QHT rəhbərləri Məşvərət Şurası yaradır, Qubad İbadoğlu: “Anar Məmmədlinin həbsi də Prezident Administrasiyasında qaldırıldı”
“Bir aksiya ilə nəticə əldə etmək olmaz. Bundan sonra da davamlı tədbirlərimiz təşkil ediləcək. Ötən aksiyada bizi Prezident Administrasiyasında ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Tahir Süleymanov qəbul etdi. O bildirdi ki, qeyri-hökumət təşkilatlarının fəaliyyəti haqda dəyişiklik barədə qanun Milli Məclisin təklifi ilə qəbul olunub. Onlara bu qanun imzalanması üçün artıq təqdim olunub. Biz çalışacağıq ki, prezident bu qanun sənədini imzalamasın. Yəqin ki, bu il qanun imzalanmayacaq. Əlimizdən gələni edəcəyik ki, prezident yeni ildə bu qanunu imzalamasın”.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu dekabrın 27-də QHT rəhbərlərinin Prezident Administrasiyası qarşısında keçirdiyi aksiyadan danışarkən belə qeyd etdi. Onun sözlərinə görə, Vətəndaş Cəmiyyəti Məşvərət Şurasının yaradılması qərara alınıb:
“Biz mətbuata Məşvərət Şurası üzvlərini təqdim edəcəyik. Geniş bir forum təşkil olunacaq və qarşı tərəfin iştirakı ilə müzakirə edəcəyik. Ümumilikdə bəyanatlar hazırlanır, aksiyalar davam edəcək. Çalışmaq lazımdır ki, prezident həmin qanunu imzalamasın. Əgər imzalansa, daha təsirli tədbirlər başlanacaq”.
Q.İbadoğlu qanuna dəyişiklikdə nələr nəzərdə tutulduğunu açıqladı: “Dəyişiklikdə bir qrup QHT-lərin fəaliyyətini dayandırılması, hər üç aydan bir reyestrdən sənəd alınması, bütövlükdə vətəndaş cəmiyyətinin bağlanması təhlükəsi var. Bundan əlavə, cərimələr artırılıb və əlavə olunub. Könüllü üzvlərlə münasibətlərə inzibati müdaxilələr ola bilər. Müddəalarda dövlət orqanlarının vətəndaş cəmiyyətinə müdaxilə edə bilməsi nəzərdə tutulub”.
Müsahibimiz onu da əlavə etdi ki, PA-da görüşdə həbs edilən QHT rəhbəri Anar Məmmədlinin məsələsi də qaldırılıb: “Biz narahatlığımızı dilə gətirdik. Beynəlxalq səviyyədə bu məsələyə etirazlar olduğunu diqqətə çatdırdıq. Bizə bildirildi ki, Anar bəyin həbsi onların diqqətindədir və iş araşdırılır”.
Yada salaq ki, ayın 27-də QHT nümayəndələri aksiya keçiriblər. Aksiya iştirakçıları son dövrlər vətəndaş cəmiyyətinə qarşı getdikcə artan təzyiqlərdən, QHT-lərin, KİV-lərin, siyasi partiyaların fəaliyyət imkanlarının əhəmiyyətli şəkildə məhdudlaşdırılmasından, BMT-nin İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsində, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasında və Azərbaycanın qoşulduğu digər beynəlxalq sənədlərdə nəzərdə tutulan hüquq və azadlıqların təminatı sahəsində ciddi geriləmələrdən narahatlığımızı qeyd edərək qəbul etdikləri bəyanatı səsləndiriblər.
Etiraz aksiyası keçirənlər arasında tanınmış QHT rəhbərlərindən - iqtisadçı Qubad İbadoğlu, hüquq müdafiəçiləri Mirvari Qəhrəmanlı, Mehriban Zeynalova, İntiqam Əliyev, Azər Mehtiyev, Elçin Abdullayev, Elşən Həsənov, Elxan Mehtiyev və başqaları iştirak ediblər. QHT təmsilçiləri jurnalistlərə açıqlamalarında bildiriblər ki, Milli Məclisin 17 dekabr 2013-cü ildə qəbul etdiyi qanunvericilik dəyişiklikləri QHT-lərin fəaliyyətini əhəmiyyətli şəkildə məhdudlaşdırmaqla, milli qanunvericiliyə və dövlətin beynəlxalq öhdəliklərinə ziddir.