Moderator.az-a daxil olan məlumata görə, “Elbara” restoranında dövlət nəzarəti tədbirləri zamanı standartların tələblərinin pozulduğu aşkar olunub:
“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Zahid Xəlilov küçəsində yerləşən “Elbara” restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilmişdir.
Araşdırma zamanı müəyyən edilmişdir ki, kulinariya məmulatları reseptura olmadan gözəyarı hazırlanır, müəssisənin akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi mövcud deyil, mütəmadi olaraq sınaq üçün laboratoriyaya nümunələr təqdim olunmur, mətbəxdə kifayət qədər soyuducu olmasına baxmayaraq, məhsullar düzgün yerləşdirilmir, soyuducuda mal qonşuluğu gözlənilmir, temperatur rejiminə düzgün əməl olunmur. Bundan başqa mətbəxdə çalışan personalın heç bir gigiyenik norma və qaydaya əməl etmədiyi, yeməklərin bir neçə gün öncədən bişirilərək soyuducuda saxlanıldığı və təzə bişirilmiş kimi müştərilərə təqdim olunduğu müşahidə edilmişdir. Tələb olunan normativ hüquqi sənədlər yoxlamaya təqdim edilməmişdir.
Müəssisədə hazırlanan yeməklərə orqanoleptiki baxış keçirilmiş, ət farşı, paytaxt salatı, fransız salatı, ətli blinçikdən nümunələr götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilmişdir. Araşdırmalar davam edir”.
Şamil