Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkil etdiyi “İxtiraçılıq sahəsində nailiyyətlərə görə I Respublika Müsabiqəsi”nin qalibləri mükafatlandırıb. Moderator.az-ın məlumatına görə, bütövlükdə müsahibəyə 36 patent təqdim edilib: “27 dekabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İxtiraçılıq sahəsində nailiyyətlərə görə I Respublika Müsabiqəsi”nin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Müsabiqədə iştirak etmək üçün patent sahibləri tərəfindən 36 patent təqdim edilmişdir. Qaliblər müsabiqə komissiyası tərəfindən seçilmişdir. Müsabiqə komissiyasının üzvləri komitə tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına, Azərbaycan Mühəndislik Akademiyasına, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına rəsmi müraciəti əsasında həmin təşkilatlardan namizədliyi verilən şəxslərdən təşkil edilmişdir.
Mərasimdə açılış nitqi ilə çıxış edən komitə sədri Ramiz Həsənov ixtiraçılıq sahəsində ilk Respublika Müsabiqəsinin keçirilməsi təşəbbüsünün heç də təsadüfi yaranmadığını, ölkəmizdə müasir dövrün tələblərinə uyğun olaraq intellektual və elmi potensial yaratmağın və bu istiqamətdə davamlı inkişafı təmin etməyin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd etmişdir. Onun sözlərinə görə: “Qloballaşan dünyada innovasiyaların durmadan inkişafı yeni ideyaların, ixtiraların yaranmasını sürətləndirmişdir. Bu proseslərdə yaxından iştirak edən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi intellektual mülkiyyət obyektləri olan ixtira, sənaye nümunəsi, faydalı model, o cümlədən əmtəə nişanı, coğrafi göstəricilərin hüquqi mühafizəsini həyata keçirir, Patent sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq edir”. Komitə sədri “İxtiraçılıq sahəsində I Respublika Müsabiqəsi”nin patent sisteminin inkişafında yeni bir töhfə olacağını və elmi potensialın möhkəmləndirilməsi, yeni innovasiyaların yaradılması istiqamətində əlavə stimul yaradacağını bildirmişdir.
Müsabiqənin nəticələrini Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) direktoru Mir Yaqub Seyidov açıqlamışdır. Belə ki, “İnformasiyanın qəbul edilməsi-verilməsi üsulu” adlı ixtiraya görə geologiya, mineralogiya elmləri doktoru, professor Elçin Xəlilova, “Çoxpilləli mərkəzdənqaçma nasosu” adlı ixtiraya görə texnika elmləri doktoru, professor Bağır Süleymanova, “Elektrooptik qurğular üçün kolloid-maye kristal kompozit” adlı ixtiraya görə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, texnika elmləri doktoru, professor Aydın Kazımzadəyə üçüncü dərəcəli diplom; “Ksantogen turşularının oksialkilbenzil efirlərinin alınma üsulu” adlı ixtiraya görə kimya elmləri doktoru, professor Nazim Mustafayevə, “Üçpilləli ikiaxınlı silindrik reduktor” adlı ixtiraya görə Azərbaycan Texniki Universitetinin Patent şöbəsinin müdiri Elxan Yusifzadəyə ikinci dərəcəli diplom və nəhayət, “Alkil-üçlü-alkil efirlərinin ion mayesi ilə selektiv təmizlənməsi üsulu” adlı ixtiraya görə Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasova birinci dərəcəli diplom təqdim edilmişdir”.
Şamil