“Azərbaycan Yazıçılar Birliyinin bəyanatı göstərdi ki, Anar yenə öz sifətində, daha doğrusu sifətsizliyindədir. Belə olmasaydı, Anar öz sifətini AYB-nin mətbuat xidmətinin maskası altında gizlətməzdi”.
Bu sözləri Moderator.az-a verdiyi açıqlamada Əkrəm Əylisli bildirib.
Əkrəm Əylisli deyib ki, Anar AYB-yə sədr seçiləndən sonra mənimlə dost, yoldaş kimi yox, vəzifə və dövlət adamı kimi danışıb: “Özü də 30-50-ci illərin şeytani havasında. Artıq bu adama görə onun əleyhinə olan fakt, fakt sayıla bilməz. Anara həqiqətin deyilməsi lazım deyil, həqiqəti deyənlərin susması lazımdır. Anar bu niyyətini həyata keçirmək üçün məndən başlayıb Sabir Əhmədovda davam elətdirib. Sabiri “Ədəbiyyat” qəzetindən uzaqlaşdırmaqla bu qəzeti axtalayıb, kişilikdən salaraq öz şəxsi ədəbi maraqlarının xacəsinə çevirdi. Bu adam bacarsaydı, ona ləbbek deməyənləri AYB-nin qapısından içəri buraxmazdı”.
Yazıçı söyləyib ki, 1987-ci ilin yayında Anarın Yazıçılar İttifaqına sədr təyinatı barədə yalnız həqiqəti söyləyib: “Bir orda səhv etmişəm ki, “plenum” yerinə “qurultay” demişəm. Çünki mənim bildiyimə görə Yazıçılar Birliyinə fövqəladə şəraitdə sədr seçilməsi yalnız qurultayın səlahiyyətindədir. Əgər plenum zamanı sədr seçilibsə bu onun yuxarıdan təyin olunduğuna dəlalət edir. Qaldı Həsən Həsənovun o vaxt Mərkəzi Komitənin ideoloji katibi olmamağına, mən o müsahibədə bu haqda söz deməmişəm. Mən demişəm ki, Həsən Həsənov böyük vəzifədə işləyirdi. O vaxt ideoloji katib Ramiz Mehdiyev idi. Onun iştirakı ilə plenumdan əvvəl Yazıçılar Birliyinin Rəyasət Heyətinin iclası keçirildi. Və qərara alındı ki, plenumda kadr məsələsinə baxılmayacaq. Ancaq o qərarı başda mən olmaqla bir neçə “tapşırıqlı” şəxs poza bildik. Mənə sonradan aydın oldu ki, Həsən Həsənov Anarın sədr seçilməsi üçün tək mənə yox, bir neçə yazıçıya zəng edib. Mən onların adını çəkmək istəmirəm. Çünki bilirəm, Anarı haqlı çıxarmaq üçün məni haqsız çıxaracaqlar. Dediyimi bir daha təsdiq edirəm: Anar Yazıçılar İttifaqına sədr seçilməyib. O bu vəzifəyə yuxarıdan təyin olunub. Bu işdə mənim də günahım var. Mən bunu Yazıçılar İttifaqının 1990-cı ildə keçirilən qurultayında bütün qurultay iştirakçıları və İsmayıl Şıxlı qarşısında səmimi etiraf etmişəm”.
Əkrəm Əylisli deyib ki, ondan donosbaz, intriqant, vətən xaini və xalq düşməni obrazı yaratmaq Anarın köhnə arzusudur: “Ancaq bu adam bilməlidir ki, arzusu heç vaxt baş tutmayacaq. 1938-ci ildə Anarın atası Yazıçılar İttifaqının sədri olanda, mənim atam həbsxanada idi. Anarın mənə dediyi bütün yalanlarından keçərəm. Ancaq onun bir yalanından heç vaxt keçə bilmərəm. Guya o, Azərbaycan xalqının məndən yaxşı tanıyır və çox sevir. Bu, onun həmişə istifadə etdiyi, sınanmış, işlənmiş maskası, üzünü bəzəmək kosmetikasıdır. Bizim milli fəlakətimizdir ki, belə kosmetik bər-bəzəyi reallıq kimi qəbul edirik. Azərbaycan xalqının və bizim ümummilli faciəmiz burasındadır ki, elə adamları xalqa yaxın sayırıq. Bəlkə mən bunu da yalan deyirəm? İntiqam Valehoğluna verdiyim müsahibənin təşəbbüskarı mən deyiləm. İndiyədək heç bir jurnalistə zəng edib deməmişəm ki, gəl, sənə müsahibə verim. Əgər demişəmsə jurnalist dostlardan biri bunu təsdiqləsin. Mən müsahibə azarkeşi deyiləm. Jurnalistlərin könlünü qırmamaq üçün hərdən onlara nəsə deyirəm. Özü də yalan demirəm. Mənim yalan deyən yaşım deyil. Xalq durur, biz dururuq. Qarşıda buna qiymət verəcək zaman durur. Gəlin səbirli olaq, zamanın işlərinə qarışmayaq”.