"Yeni yaşayış
binalarının tikintisi ilə bağlı hesab edirəm ki, bu sahədə də daha ciddi nəzarət
olmalıdır, özbaşınalıq olmamalıdır."
Bunu dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına
həsr olunmuş konfransda yekun nitqi zamanı deyib. Prezident bildirib ki,
hətta bu yaxınlarda yeni köçürülmüş ərazidə, hansı ki, ictimai yerlərin
yaradılması nəzərdə tutulurdu, bir də gördüm ki, orada bina qaldırırlar:
"Zəng etdim Hacıbala Abutalıbova, dedim bu nə məsələdir? Dedi ki, belə şey
ola bilməz. Dedim ki, gedin yoxlayın, necə ola bilməz?! Getdi yoxladı, gördü
ki, bəli, qanunsuz bina qaldırırlar. O yer iki həftə nəzarətsiz qaldı, dərhal
kimsə gəlib orada bina qaldırmağa başladı. Təbii ki, dərhal söküldü və o binanı
orada tikmək istəyən də öz payını almalıdır". Dövlət başçısı
vurğulayıb ki,özbaşınalıq və anarxiya ola bilməz.
Göründüyü kimi paytaxtda günü-gündən artan qanunsuz
tikililər prezidentin də narahatlığına səbəb olmaqdadır. Bəs görəsən Bakıda baş
verən bu qanunsuzluqların səbəbkarı kimdir?
Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Bakıda tikilən qanunsuz tikililərə görə, Bakı meri Hacıbala
Abutalıbov cavabdehlik daşıyır.
“Bina ev tikmək çox mürəkkəb bir prossesdir. Harda və
necə gəldi bina tikmək düzgün deyil. Bu hallar sonrdan çox mənfi fəsadlara yol aça
bilər. Belə çıxır ki, bizdə bina tikilən zaman heç bir qaydalara əməl olunmur.
Bütün bu məsələlərdə Bakı meri Hacıbala Abutalıbov məsuliyyət daşıyır və o, cəzalandırılmalıdır.Çünki
binaların tikintisinə Bakı Şəhər İcra Hakimiyyəti icazə verib.
Partiya sədrinin sözlərinə görə, məmurların etdiyi
qanunsuzluqlardan vətəndaşlar əziyyət çəkməməlidir:
“Vətəndaş gedib icra orqanlarının razılığı ilə ev,
bina tikməyə icazə alır, lakin bir müddət keçdikdən sonra həmin tiklinin
qanunsuz olduğu bildirilir və vətəndaşın mülkü sökülür. Azərbaycanda ən böyük
qüsur burdan qaynaqlanır, məmur özbaşnalığı vətəndaşın “başında partlayır”. Məmurların
etdiyi qanun pozuntusundan vətəndaşlar əziyyət çəkməməlidir.”