21 dekabr 2013-cü il tarixində “İRƏLİ” Tədqiqatlar və İnnovasiya Mərkəzinin rəhbəri Murad Ağabəyli, “İRƏLİ” İntellekt Mərkəzinin rəhbəri Elşən Qasımov və "İRƏLİ" Yaşıllar Klubunun rəhbəri Səriyyə Abuzərli Gəncə İrəliçiləriylə görüşüb.
Azərbaycan Müəllimlər İnstitutunda "İRƏLİ" İntellekt Mərkəzinin və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə 200-dən çox gəncin iştirak etdiyi Brain-rinq oyunu keçirilib. 32 komandanın iştirakı ilə keçirilən oyun gərgin mübarizə ilə yadda qalıb. Finalda qrup mərhələsi şəklində keçirildi və sonda Azərbaycan Dövlət Aqrar Universitetinin "Tesla" komandası I yer, Gəncə Dövlət Universitetinin "Sosial işçilər" və "Eidon" komandaları müvafiq olaraq II və III yerləri tutub.
Qalib komandalar təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunub. I yeri tutmuş komandaya isə kubokla yanaşı "Efes" travel şirkəti tərəfindən güzəşt kuponları təqdim olunub.
Sonra Səriyyə Abuzərli tərəfindən Gəncə İrəliçilərinə "Ətraf-mühitin mühafizəsi və biz" mövzusunda təlim keçirilib. Təlim 50-dən çox gəncin iştirakı ilə baş tutub. Təlim aktiv müzakirələrlə yadda qalıb. İştirakçılar təlimçiyə ətraf-mühitlə bağlı suallarını ünvanlayıblar.
Qeyd edək ki, bu səpkidən olan yarışma və görüşlərin mütəmadi təşkil olunması nəzərdə tutulur.