Bakıda hündürmərtəbəli binanın sakinləri aksiyaya hazırlaşırlar
Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsində, “Elit” ticarət mərkəzinin arxasında yerləşən “Olimp” mənzil-tikinti kooperativinin binasının sakinləri bu gün etiraz aksiyası keçirəcəklər. Bu barədə məlumatı Musavat.com-a sakinlərdən biri verib.
Sakinlər bildirirlər ki, artıq 5 ildən çoxdur öz mənzillərində bərbad həyat tərzi sürməyə məhkum olublar. Bildirilir ki, hələ bir neçə il bundan əvvəl tamamlanması nəzərdə tutulan inşaat və təmir işləri bu günə kimi yekunlaşmayıb: “Bu yaşayış kompleksinin inşası 2010-cu ildə başa çatmalı idi. Lakin bina Dövlət Qəbul Komissiyasına təhvil verilmədən sakinlərin ixtiyarına verilib. Mənzil-tikinti kooperativinin rəhbərliyi tez-tez dəyişdiyindən və kimsə məsuliyyət daşımadığından bunun səbəbi məlum deyil.
Artıq bir neçə ildir ki, MTK rəhbərliyi mənzillərə qazın veriləcəyini söz verir. Bakı şəhərindəki bütün evlərin qazlaşdırılması ilə bağlı müxtəlif dövlət məmurlarının tez-tez çıxış etmələrinə baxmayaraq, sözügedən binadakı mənzillər hələ də qazla təmin olunmayıb.
MTK rəhbərliyi və müvafiq dövlət qurumları problemi həll etməyə cəhd belə göstərmir və sakinlərin qaz problemini kənardan sakitcə müşahidə edirlər. Axı hamı bilir ki, qazsız evdə yaşamaq necə çətindir: mənzili elektriklə qızdırmaq sakinlərə çox baha başa gəlir, bəzən isə mümkün olmur. Evlərinə köçənlərin qazsızlıq probleminə görə həm sağlamlıqlarına, həm də büdcələrinə böyük ziyan dəyir. Ən əsası isə onların konstitusiya hüquqları pozulur”.
Sakinlər fövqəladə hallar naziri Kəmaləddin Heydərova da müraciət ünvanlayıblar. Onlar binaya qaz verilməsinin, kompleksin həyətində qeyri-qanuni tikililərin yığışdırılmasını və kompleksin həyətinin layihədə göstərildiyi kimi olmasını istəyiblər: “Niyə “Azəriqaz” kompleksimizin binanın 1-ci mərtəbəsində qaz çəkməyə icazə verib. Bu binamızı və bütün sakinləri təhlükə altına salır. Və necə ola bilər ki bu barədə FHN-nin xəbəri yoxdur? “Olimp” MTK bizə mənzilləri satanda həyətin İH-lə razılaşdırılmış Planını göstərib. O Planda həyətimizdə xeyir-şər evi, uşaqlar üçün meydança, səviyyəli qaraj göstərilib. Bu gün isə xeyir-şər evi ləğv olunub, meydançanın əvəzinə qeyri-qanuni tikintilər aparılıb, qaraj isə mətbəəyə satılıb”.










