Bu günlərdə Türkiyədə antikorrupsiya əməliyyatları çərçivəsində qandallanmış Sədərək Gömrük Keçid Məntəqəsinin sədri Mirməhəmməd Seyidovla bağlı süjet efirə verən “XəzərTV”nin əməkdaşlarının yanlışlığı üzündən adıçəkilən şəxsin deyil, məhz onun şərlədərək həbs etdirdiyi keçmiş gömrük əməkdaşının-Məmməd Qurbanovun şəkli verilib. Bunu özünə qarşı təxribat hesab edən Məmməd Qurbanovsa Moderator.az-a müraciət edərək telekanalı məhkəməyə verməyə hazırlaşdığını, yalnız üzrxahlıq ediləcəyi təqdirdə bu iddiadan imtina edə biləcəyini bildirib.Onun telekanala xəbərdarlığını təqdim edirik:
“Hörmətli Xəzər TV. 18 dekabr axşam saatlarında yayımladığınız xəbərdə Sədərək Gömrük Keçid Məntəqəsinin sədri Mirməhəmməd Seyidovun rüşvətxorluğu və qaçaqmalçılığı ilə bağlı cəmiyyətə təqdim etdiyiniz xəbərdə Mirməhəmməd Seyidovun əvəzinə mənim, Məmməd Qurbanovu göstərmisiniz. Bunu mənə qarşı bir təxribat kimi dəyərləndiyim üçün Sizdən təzminat tələb edirəm. Təzminatdan o zaman imtina edərəm ki,mənim həqiqi kimliyim haqqında həqiqəti şəkilimi göstərməklə xəbərlərdə yayımlayasınız, yanlışlığa yol verdiyiniz üçün üzr istəyəsiniz.
Mən Məmməd Qurbanov elə Sədərək Gömrük Keçid Məntəqəsində rüşvətxorluğa və korrupsiyaya qarşı uzun müddət mübarizə apardığıma görə şərlənib həbsxanaya salınmışam. Mən özüm zərərçəkənəm. Həbsdən çıxan kimi artıq 7 aydır Naxçıvandan qaçaq düşmüşəm. Saysız düşmənlərimin təxribatından qorunmaq üçün 60 il ömür sürdüyüm torpağımdan, vətənimdən, ev-eşiyimdən qaçqın düşmək məcburiyyətində qalmışam.
Xahiş edirəm ya məni olduğum kimi xəbərlərdə təqdim edin, ya da təzminat tələbiylə məhkəməyə müraciət etmək zorunda qalacam."