Millət vəkili Vahid Əhmədov Quba rayonunda seçiciləri ilə görüş keçirib. Bu barədə Moderator.az-ı millət vəkilinin köməkçisi Arif Orucov məlumatlandırıb. Məlumata görə, görüşdə qonşu rayonların nümayəndələri də iştirak edib: “Millət vəkili ilə görüşdə Quba sakinləri ilə yanaşı qonşu Xaçmaz və Şabran rayonunun sakinləri də iştirak edib. Görüşdə vətəndaşları narahat edən məsələlərdən bəhs olunub, onların probleminin həlli yolunda konkret addımlar atılıb. Bütövlükdə qəbula yazılan 29 vətəndaşın hamısı millət vəkili tərəfindən qəbul edilib. Görüş zamanı ən çox qaldırılan məsələ isə müxtəlif təyinatlı yardımların göstərilməsi, havaların kəskin soyuması və rayonda qarın normadan çox düşməsi ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması, işədüzəlmə, torpaqların bölüşdürülməsi zamanı buraxılmış səhvlərin aradan qaldırılması və s. ilə bağlı olub”.
Deputat köməkçisinin bildirdiyinə görə, millət vəkili problemlərin qısa zaman müddətində həlli ilə bağlı zəruri addımlar atıb: “Millət vəkili tərəfindən bir çox məsələ ilə bağlı yerindəcə tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən problemlər isə nəzarətə götürülüb. Qəbula gəlmiş bəzi vətəndaşların və qəbul ərəfəsində edilən müraciətləri nəzərə alan deputat qar yağması ilə əlaqədar dağ kəndlərinə gedən yollardakı vəziyyəti öyrənmək məqsədi ilə yol idarəsinin məsul işçilərinin müşayəti ilə Quba- Qonaqkənd istiqamətinə səfər edib. Görülmüş operativ tədbirlər nəticəsində çətinliklər yerindəcə həll edilib. Sakinlər rayon icra hakimiyyətində yaradılmış qərargahın işindən razılıq edib. Sakinlər qeyd eib ki, havaların kəskin soyuması ilə bağlı rayonda yaradılan qərargah ilk gündən vəziyyətə ciddi nəzarət edir, çevik müdaxilələr həyata keçirir”.
Seymur Əliyev