AXCP fəalı mitinqdən sonra döyüldü
Milli Şuranın sosial tələblərlə və qiymət artımına etiraz əlaməti olaraq 15 dekabr 2013-cü il tarixli aksiyasında aktiv iştirakına, həmin aksiyaya insanları cəlb etdiyinə və aksiya zamanı hakimiyyətin ünvanına radikal şüarlar səsləndirdiyinə görə AXCP fəalı Rəhim Rüstəmov aksiyadan sonra naməlum şəxslər tərəfindən döyülüb. Belə ki, R.Rüstəmov aksiya başa çatdıqdan sonra həmin tədbirin keçirildiyi Yasamal rayonu ərazisindəki “Məhsul” stadionundan metronun “İnşaatçılar” stansiyasına, oradan da qatarla “28 may” stansiyasına gəlib. Metrodan çıxdıqdan sonra yaşadığı ünvana piyada getdiyi zaman 3-4 nəfər idmançı görkəmli şəxs ona yaxınlaşaraq nəyə görə mitinqə qatıldığını və aksiya zamanı hakimiyyət əleyhinə şüarlar səsləndirdiyini soruşublar. AXCP fəalı R.Rüstəmov mitinqə qatılmaq və orada şüarlar səsləndirmək onun hüququ olduğunu, buna görə kiməsə hesabat verməli olmadığını bildirib və həmin şəxslərin kimliyini soruşmuşub. Həmin şəxslər isə R.Rüstəmovu nalayiq ifadələrlə təhqir etməyə başlayıblar. Onların bu hərəkətlərinə reaksiya verən AXCP fəalına qarşı həmin şəxslər hücum edərək döyməyə başlayıb, R.Rüstəmovu, onun təmsil olunduğu təşkilatı və rəhbərliyini təhqir edərək bildiriblər ki, aksiyalara qoşulacağın halda başına oyun açacağıq, digər dostların kimi səni də türməyə soxacağıq. Onlar həmçinin AXCP fəalından mitinqlərə qoşulmamağı və təmsil olunduğu partiyadan istefa verməyi tələb ediblər. Baş vermiş hadisənin səs-küyünə ətrafda olan insanlar gələrək AXCP fəalını həmin şəxslərin zorakılığından müdafiə ediblər. Hadisə yerinə toplaşan insanların çoxluğunu görən həmin şəxslər qaçaraq hadisə yerindən uzaqlaşıblar. Hava şəraiti qaranlıq olduğuna görə həmin şəxslərin kimliyini müəyyən etmək mümkün olmayıb.
R. Rüstəmov belə hesab edir ki, ona qarşı törədilən zorakılıq hakimiyyət orqanlarının siyasi sifarişi əsasında həyata keçirilib: “Çünki, ölkədə olan mövcud rejim zaman-zaman müxalifət düşərgəsinin aktiv üzvlərinə, o cümlədən AXCP fəallarına qarşı bu cür iyrənc metodlardan istifadə edib. Məqsəd isə insanlarda xof yaratmaq, onları siyasi fəaliyyətdən və mübarizədən çəkindirməkdir. Bu cür metodlar effekt verməyəndə isə müxalifətçi fəalların ya cibinə narkotik atır, ya evindən silah “çıxarır”, ya da başqa bir qondarma və saxta ittihamla həbsə atır. Necə ki, bu gün yüzlərlə müxalifət fəalı hakimiyyətin qondarma və saxta ittihamları ilə türmələrdə çürüyür. Avropa Şurası, Avropa Birliyi və bir sıra başqa beynəlxalq təşkilatların Azərbaycan hökumətini ölkədə siyasi islahatlara çağırdığı halda, hakimiyyətin siyasi motivli həbsləri davam etdirməsi, müxalif düşüncəli insanları davamlı olaraq təqiblərə, təzyiqlərə, zorakılıqlara və diskriminasiyaya məruz qoyması onu göstərir ki, bu rejim islah olunan deyil”.









