Nelson Mandelanın əziz xatirəsinə
Sən də insan, mən də insan
Bir çiçəyi əzməyə,
Bir gülü, açılmamış,
budağından üzməyə,
Bir sınıq könlü yaxmağa,
Bir üzə yad nəzərlə baxmağa,
nə əlim, nə dilim gəldi...
Torpağa yük ayaqların,
zərif çiçəklər üstündə.
Bir zaman kökünü qazdığın
qönçə güllər, təpələnib indi,
gül qaytaran qəbrin üstündə.
Nə pislikdən, nə şərdən doydun,
Zorladın acılara,
Nə üzlərdə təbəssüm qoydun.
Mən baş əydim qara dərili Mandelanın
azad ruhuna,
Sən boyun əydin müstəbidlər
qara güruhuna,
Sən də insan, mən də insan.
Başımı dərd aldı,
Dünyanı dərdli görəndə.
Içim sızıldadı,
sahibsiz itlər,
aclıqdan üzümə hürəndə.
Dərdin-sərin yağlı dürmək,
Peşəndir insanlığa pusqu qurub,
addım-addım güddürmək.
Qalmışıq odla köz arasında,
Gör nə qədər fərq var,
Insanla insan arasında.
Sən də insan, mən də insan.
Mənim könlüm
biçənəyi biçilmiş yurdun
boz talası,
Sən, millətinə qan içdirən zalımın
haqqa üzü boz balası.
Mənim içim azadlığa meydan,
Sənin üçün vicdan yeri
daş qəfəsli zindan.
Neyləyək, seçim belə,
Sən zalım, mən də belə.
Sən də insan, mən də insan.
Sallana qalmısan dünyanın
daş bağlayan üzündən,
Sanma ki, uzaq düşübsən
haqqın görən gözündən.
Sən qapısı xeyrə bağlı,
içi şər havalı.
Mən insana sadiq, əhdə vəfalı.
Qorxma, Ikimizə də yer var,
özü geniş, qəbri dar dünyada,
O üzünə yol qoymadığın,
Bu üzü,xeyrin şərə çalandığı
idbar dünyada.
Sən də insan, mən də insan.
Vəssəlam, vəssəlam...
Nurəddin ismayıl
12 dekabr 2013