Bəzən deyirlər ki, Azərbaycanda yıxılana balta çalmaq ənənə halını alıb və ta qədimdən bu günümüzədək bu naqis adətimizi gətirib çıxarmışıq. Amma bəzən görürsən ki, təkcə yıxılana deyil, elə ayaq üstə dayanmağı bacarana da sağdan-soldan, bunu bacarmayanda isə qurşaqdan aşağı zərbə vurmaqla pisikdirmək, qaralamaq istəyində olan kəmfürstlər də az deyilmiş ətrafımızda...
Xülasə, özüm də istəmədən artıq dalbadal
üçüncü yazımdır ki, baş rolu Müsavat başqanı İsa Qəmbərə-son 20 ilda çeşidli zərbələri
dəf etməklə İsa Məsihdən heç də az əzablar çəkməyən, bəzən onun kimi çarmıxa çəkilən
bir siyasət adamına vermək zorundayam...
Bu dəfə onun sanki bir məsxərə predmetinə
çevrilərək “böyük isa Qəmbər” kimi təqdim edilməsinə etiraz etmək və hirsimi
soyutmaq üçün üçün klaviaturanı amansızcasına döyəcləyirəm. Yəqin kimə və nəyə
qəzəbləndiyimdən duyuq düşdünüz.
İki gün öncə İqbal Ağazadə 20 il İsa Qəmbərin
təmənnasız təsisçiliyini etdiyi bir qəzetdə sicilləmə bir yazı yazaraq onu aşağılamaqdan
da çəkinmir: “Milli Şuranı iqtidar və sizlər böyütdünüz. Hələ rəhmətlik Elçibəy
Kələkidə olakən də İsa Qəmbər o qədər böyüdüldü ki, Elçibəy 1998-ci ildə onun
liderliyi ilə seçkiyə, böyük İsa Qəmbər də güzəştə getmədi.”
Bununla kifayətlənməyən Ümid sədri daha sonra
yazır: “Rusiya vətəndaşı olan birisi Müsavat təmsil olunan yerdə fəxri sədr ola
bilməz” sitatının müəllifi cəmi bir neçə ay əvvəl bu Rusiya vətəndaşını ölkə
prezidenti etmək istəyirdi.”
Təbii ki, müəyyən mənada bu suala haqq da
qazandırmaq mümkündür və bu sətirlərin müəllifi də elə təxminən bu məzmunda bir
suala cavab vermək iqtidarında olan adam axtarır. Evinə gəlin gətirdiyi gəlinin
kişi çıxmasından şoka düşən Məşədi İbad demişəkən, Rüstəm İbrahimbəyovun namizədliyinə
“bəh-bəh” deyənlər görəsən niyə soruşmadılar ki, bu adam hansı ölkənin vətəndaşıdır,
kimdir, nəçidir, haradan gəlib, hara getmək istəyir?
Amma bu cü cavabsız suallar heç kimə bəhanə
verə bilməz ki, Azərbaycan siyasətinin ən azman siyasətçisini məsxərə predmetinə
çevirsin. Eyni məntiqlə İqbal Ağazadədən soruşmaq lazım ki, bu gün “böyük isa Qəmbər”-
deyə ironiya ilə xitab etdiyin o şəxs çox uzaq keçmişdə deyil, cəmisi 10 il əvvəl
sənin də inandığın lider və prezidentliyə namizəd idi. Əgər o vaxt Müsavat
başqanı “böyük İsa Qəmbər” deyildisə, niyə onu vahid namizəd kimi dəstəkləməklə
daha da böyüdürdünüz?
Bəlkə də bu məmləkətdə İsa Qəmbəri mən qədər tənqid
edən ikinci bir qələm əhli və ya siyasi adam olmaz. Hətta bəzən üzbəüz söhbətlərimizdə
Müsavat başqanı narazılığını da ya birbaşa ifadə edib, ya da davranışlarından
anlaşılıb ki, filan yazıdan inciyib. Bunu da hər zaman onunla əsaslandırmışam
ki, ondan daha çox şeylər umduğumuzdan, ancaq bu umacaqlarımızın ya zəlzələdən,
ya vəlvələdən gerçəkləşməməsindən tənqidə köklənməklə ürəyimizi boşaltmaq
zorunda qalmışıq. , Amma tənqidlə qəsdən aşağılama cəhdlərini qarışdırmaq
olmaz. Hətta qeyri-sağlam tənqid də böhtanın yanında toya getməlidir. Kimin
böyük və kiçik olmasını müəyyənləşdirmək bir qədər çətin və qəliz məsələ olsa da
haqlı və ya haqsız olmasını yoxlamaq olduqca asandır. Ona görə də dostlarımıza,
hətta dostumuz olmayanlara da səslənirəm ki, bu gün barədə fikir söyləməzdən
öncə bircə anlıq da olsa dünəni xatırlasınlar, elə etməsinlər ki, yaddaşsızlıq
kal armud kimi onları boğsun...