Əvvəla, təəssüflə bildirməliyəm ki, ətrafımızda bunca problemlər varkən, bizi özümüzdən çıxaran, dincliyimizə qənim kəsilən sapı özümüzdən olan baltalar qanımıza susamışkən, dostumuzu-düşmənimizi, bizi bu günə salanların kimliyini, niyyətlərini appaçıq hər kəs bildiyinə rəğmən lap kobud müqayisə olmuş olsa belə, ulağı qoyub palanı döyəcləməyimiz bir millət olaraq hələ də doğru-dürüst formalaşa bilmədiyimizin acı sübutundan başqa bir şey deyil...
Allah şahidimdir ki, həyatım boyu bacardığım qədər
ədalətli olmağa çalışmışam və ilk baxışda hansısa fərd və ya proses barədə qərəzli
görünən yanaşmamda da vicdanlı yanılmam olmuş demək...
Yeri gəlmişkəın, əslində mövzumun qəhrəmanı
olan İsa Qəmbər də “Azadlıq radiosu”na verdiyi sonuncu (Kim bilir, bəlkə də hələlik
sonuncu olacaq...) müsahibədə (əgər buna müsahibə demək mümkün idisə) vicdandan
bəhs edib və ölkənin bütün vicdanlı insanlarını mövcud hakimiyyətə qarşı mübarizəyə
dəvət edib. Bu yazı İsa bəyin çağırışına, daha doğrusu, dəvətinə cavab və onun
həmkarım Xədicə İsmayıl tərəfindən sıxma-boğmaya alınması cəhdlərinə qarşı
etiraz hesab oluna da bilər.
Amma gərək əvvəlcə Azərbaycan siyasətinin ən
sanballı personalarından biri və bu sətirlərin müəllifinin çox böyük hüsn-rəğbət
bəslədiyi, dost hesab etdiyi Müsavat başqanına yüngülcə bir etirazımı bildirəm
və 3-4 mətbu orqandan başqa yerdə qalan bütün medianın hakimiyyətin tam nəzarətində
olduğuyla bağlı iddialarında nəinki ifrata vardığını, hətta bu mücadilədə bəlkə
də xidmətləri nəzərə çarpmadığından bəzən iqtidaryönlü kimi görünən xeyli sayda
media quruluşunun haqqını tapdamaq olduğunu iddia edəm.
Bilməyənlərin menyüsünə- aylar öncə
Moderator.az-ın bir əməkdaşı İsa Qəmbərə zəng vuraraq hansısa bir suala cavab
istəmişdi, Müsavat başqanı cavab vermişdi ki, mən hakimiyyətin nəzarətində olan
sayta açıqlama vermirəm. O zaman düz dostumun kabinetinədək gedib haqqımızda
vicdanlı yanılmaya uğradığını demək könlümdən keçsə də az sonra əsəblərim
soyuduğundan vaz keçmişdim Müsavat Partiyasının ofisinə planlaşdırdığım “səlib
yürüşü”ndən...
İsa bəyin proqnozu təəssüf ki, bu dəfə doğru
çıxmadı və bir neçə ay sonra “hakimiyyətin nəzarətində” olan saytda MTN misligörünməmiş
əməliyyat keçirərək dişimizlə-dırnağımızla ərsəyə gətirdiyimiz hər şeyi müsadirə
etdi, həmkarım Pərviz Həşimlini isə beynəlxalq miqyaslı terorçu kimi
qandallayaraq zindana atdı. Təbii ki, hakimiyyətin nəzarətində olan mətbu
orqana qarşı belə bir əməliyyatın keçirilməsi mümkün deyildi...
Amma
yenə də İsa bəyin başının seçkilərə qarışdığını düşünərək nəinki qapısına dost
gileyinə getmədim, heç zəng vurub narahat da etməyə qıymadım. Düşündüm ki, bunu
izhar etməyə yetərincə vaxtımız olacaq...
Amma ağlıma da gəlməzdi ki, İsa Qəmbərin
müdafiəsinə qalxmaq zərurəti hiss edəcəm, özü də səngərin o tərəfindən deyil, elə
öz cinah dostumuzun həmləsindən...
Bəlkə də İsa bəyin mənim dəstəyimə ehtiyacı
yoxdur. Amma onun Rüstəm İbrahimbəyovun şəxsiyyətindən deyil, vətəndaşı olduğu
ölkənin etibarsızlığından əndişələnməsinə haqq qazandırmayanların, İsa bəy
demişkən, bundan diskomfort hiss etməyənlərin halına acıyıram. Ola bilsin ki,
eynilə mən və İsa bəy kimi Rüstəm İbrahimov da vicdanlı yanılma ilə “əşşi, daha
Rusiya vətəndaşlığından çıxmağa ehtiyac yoxdu” deyənlərə inanaraq qərarından
vaz keçib, sabah bu vətəndaşlığın təkcə onun deyil, mənsub olduğu millətin
başına oyun aça biləcəyini hesablamağa vaxtı olmayıb, amma həyəcan təbili
çalmamaq da cinayətə bərabər bir suç olardı ki, İsa bəy də məhz bu təhlükədən
sığortalanmaq üçün “şərtin şumda kəsilməsini” istəyib. Bunu anlamaq bu qədərmi
zor? Rusiyanın heç zaman Azərbaycanın müstəqilliyini həzm etməyəcəyini dərk etməkçün
Bzejinski olmağa gərək varmı? Qarı düşmən
nə vaxtdan starteji müttəfiq oldu?
Sonda İsa bəyin Milli Şuranı müqəddəs inəyə bənzətməsinə
də münasibət bildirməyi zəruri hesab edirəm. Ən azından yazının başlığına hörmət
əlaməti olaraq. Vaxtilə İsa bəy müxalifətin vahid nazmizədini də “Şaxta baba”yla
müqayisə edəndə onu “xalastoy” patronlu olsa da topa tutmuşdular. 9 oktyabr
seçkiləri göstərdi ki, İsa bəy haqlıymış və müxalifətin ən optimal namizədi belə,
bu cür əlverişsiz şərtlər altında “Şaxta baba” ola bilmədiyi kimi, hakimiyyətin
dəyişəcəyinə ümid edən yüzminlərə də onun boğçasından heç nə düşmədi. Bir sözlə,
hamı “Şaxta baba”nın təşrif buyurmamasından incik uşaqsayağı seçki umsuğu oldu.
Elə son günlər ortalığı bürüyən siyasi tozanaq da həmin pərtliyin nəticəsidir...
Zülfüqar Hüseynzadə