Ruslan Dost Əli: 20 yaşlı gənc şairdir. Bərdə rayonunun Xan-Ərəb
kəndində anadan olub. Ali təhsili yoxdur. Yəqin ki, buna iqtisadi vəziyyəti
imkan verməyib.
Saf, incəqəlbli, istedadlı gənc olan Ruslan hazırda Bakıda
yaşayır. Müxtəlif yerlərdə işləyərək valideynlərinə köməklik göstərir. Ən böyük
arzusu ali təhsil almaq, istedadıyla ədəbiyyatımıza, ictimai şüurumuza xidmət
göstərməkdir. Bir milləti millət edən əsas dəyərin mədəni irsimiz olduğunu
nəzərə alan hakim iradənin Ruslan Dost Əli kimi istedadların yetişməsində rol
oynamasını təmənni edir və gənc şairin yaradıcılığından bəzi nümunələri
diqqətinizə çatdırırıq.
Sal əlini aşağı
Sal əlini aşağı,
Bir də qoynuna qoyma!
Keçmiş günahlarını,
Mənim boynuma qoyma.
Ömrünün astarından
Üzü nə qədər çıxıb.
Günlərinin qarası
Üzünə qədər çıxıb.
Bax, səni gətirmişəm,
Di, dur, özünü tanı.
Bəs, əlimdə tutduğum
Şəkildəki qız hanı?
İndi o qız yoxdusa,
Qadın olmusan demək.
Eh.. QADIN olmusansa,
Yadın olmusan demək.
Sal əlini aşağı,
Bir də qoynuna qoyma.
Keçmiş günahlarını
Mənim boynuma qoyma.
Bəxtin üzün ağ istədim
Tanrım, nə tez məndən aldın,
Eniş-yoxuş, hamar ömrü?
Bu ömür verdiyin, çətin
Səndən bir də umar ömrü.
Bəxtin üzün ağ istədim,
Qaraldı, yağmaq istədim.
Mən də yaşamaq istədim
Sığal ömrü, tumar ömrü.
İçimdə hər gün - ah,
qalıb.
Əlimdə hər günah qalıb.
Uduzmağa bir ruh qalıb,
Gəl bitirək qumar ömrü.
Kölgən yaxşı ki, varmış
Kölgən çox dəyişməyib,
Sənə baxan yerdə, ha...
Gözümə ağ görünür,
Kölgən düşən yer daha...
Çək pərdəni, güzgünə
Pəncərədən gün düşür.
Yadıma sən düşəndə,
Divara kölgən düşür...
Şəklini gün bozardıb,
Sən niyə qaralmısan...?
Yaylığın da qaradı,
Olmazdı qaralmasan...?
Sus! axı and içəsən
Ta,niyə? bildim səni...
Kölgən yaxşı ki, varmış,
Tanıya bildim səni...