İstanbulda İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutunun Baş Assambleyası keçirildi
Moderator.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutunun (SMİİC) 5-ci Baş Assambleyası və “Standartlaşdırmanın qlobal iqtisadiyyata təsiri” mövzusunda beynəlxalq simpozium keçirilmişdir. Tədbirlərdə 30-dan çox ölkənin standartlaşdırma və metrologiya sahələri üzrə qurumlarından nümayəndələr iştirak etmişdir. SMİİC-də müşahidəçi üzv ölkə qismində təmsil olunan ölkəmizdən tədbirlərdə Standartlaşdırma, Metrologiya və Patent üzrı Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun rəhbərliyi iştirak etmişdir.
SMİİC-in 5-ci Assambleyasında üzv ölkələr tərəfindən standartlaşdırma və metrologiya sahələri üzrə görülmüş işlər barədə hesabatlar, standartların qiymətləndirilməsi, həmçinin təşkilatın 2014-cü il üçün büdcəsi və yeni sədrinin seçilməsi kimi məsələlər müzakirə olunmuşdur.
“Standartlaşdırmanın qlobal iqtisadiyyata təsiri” mövzusunda beynəlxalq simpoziumun əsas müzakirə mövzuları isə sənayenin və iqtisadiyyatın inkişafında, səmərəlilik və innovasiyalarda, rəqabətlilikdə standartlaşdırmanın rolu, intellektual mülkiyyət hüquqları və uyğunluğun qiymətləndirilməsi ilə bağlı olmuşdur.
Beynəlxalq simpoziumda Avropa Standartlaşdırma Komitəsinin (CEN) prezidenti Fridrixch Smaxvill və Türkiyənin yüksək vəzifəli hökumət nümayəndələri də iştirak etmişlər.