Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Tarif Şurasının benzinin qiymətinin artrılması ilə bağlı olaraq Moderator.az-a açıqlama verib:
"Benzinin qiymətlərinin gözlənilmədən 33 faizdən də çox artırılması hökumətin xalqımıza yeni il qabağı “sürprizi “ oldu. Baxmayaraq ki, dövlət büdcəsində növbəti ildən bahalaşmanın olacağı nəzərdə tutulmuşdu, amma bu da 23 faizi keçmirdi. İndi isə hökumət dekabrın əvvəlindən bu addımı atdı. Qərarın belə tez verilməsi mütləq izah olunmalıdır. Xalqa açıqlanmalıdır ki, bu il benzinin artımından əldə olunacaq gəlir hara və nə məqsədlə yönəldilir.
İkinci tərəfdən, benzinin qiymətlərinin nəzərdə tutulduğundan da daha çox - 33 faiz artırılması düzgün deyil. Əmək haqqlarının cəmi 10 faiz artımı müqabilində təkcə benzinin qiymətinin bu qədər qaldırılması Azərbaycan vətəndaşlarına zülm etməkdir. Həm də qəbul olunmuş 2014-cü ilin büdcəsinə uyğun deyil.
Benzinin qalxması avtomatik olaraq bütün məhsulların qiymətinə təsir edəcək. Üstəlik dövlət büdcəsində nəzərdə tutulur ki, qaz və elektrik enerjisinin, suyun, qiymətləri qaldırılacaq, kommunal xidmətlər bahalaşacaq. Belə olan halda hökumətin sosial yönümlü siyasət yürütdüyü barədə fikirlər absurd görünür. Bu bahalaşma isə kifayət qədər problemlər içərisində olan əhalinin böyük hissəsinin vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq. Ona görə də Prezident bu məsələyə müdaxilə etməli, ölkə vətəndaşlarının sosial vəziyyətini ciddi şəkildə ağırlaşdıra biləcək bu qərara yenidən baxmalıdır.