Dələduzluq maddəsi ilə ittiham edilən sabiq millət vəkili Gülər Əhmədovaya məhkəmə tərəfindən 3 il həbs cəzasının verilməsi ictimaiyyətdə ciddi təəccüb və rezonansa səbəb olub. Bununla bağlı Moderator.az saytının sualını cavabllandıran tanınmış hüquqşünas Aslan İsmayılov baş verənləri biabırçılıq kimi dəyərləndirib: “Heç vaxt kiməsə yüngül cəza verilməsi barədə danışmamışam. Ancaq bu hal barədə danışmamaq mümkünsüzdür. Artıq aydındır ki, Azərbaycan adlı məmləkətdə bu gün hər şey mümkündür. Bu gün Azərbaycanda qanun və məhkəmə deyilən anlayış yoxdur. Olsaydı, o zaman bu cür olaylar baş verməzdi. Hazırda qanuni qüvvəyə minmiş onlarla məhkəmə qərarı var. Hansı ki, Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanılıb. 5-20 min manatlıq dələduzluğa görə gənc qadınlara 8-10 il müddətində həbs cəzası verilib. Əslində, bu məsələlərdə yalnız Gülər Əhmədovanın həbs edilməsinin özü də biabırçılıq idi. Çünki o, sadəcə pul daşıyan idi, cinayətin başında duranlar başqalarıdır.. Lakin belə bir cəzanın verilməsi onun təkbaşına həbsindən də betər biabırçılıqdır ”.
Seymur Əliyev