Həmkarım Nigar İsfəndiyarqızının bir yazısını oxudum, təsirli yazı idi. Yazıda Qarabağ döyüşləri zamanı yaşanmış bir hadisədən bəhs edilir və bir əsgərin xatirələrindən söhbət açılır. Yazının qəhrəmanı olan bu əsgər qarşı səngərdən onlara tərəf qaçan bir qrup azərbaycanlı qadını necə güllələdiklərindən danışır. Gülləbaran edilən qadınların isə bir suçu var-ermənilərə əsir düşmələri və onlardan hamilə qalmaları. Yəni, düşmən bizə göz dağı vermək üçün əsir götürdüyü xanımlarımızı hamilə buraxdıqdan sonra üstümüzə göndərir, bizsə onları güllələyirik. Həm də erməni döyüşçülərinin gözü qabağında. Bununla guya namuslu olduğumuzu sübut edirik, amma özümüz də bilmədən düşmənin verməyə çalışdığı göz dağından təsirləndiyimizi, mesajın hədəfə çatdığını nümayiş etdiririk. Və yəqin ki, qarşı səngərdə oturub bizə baxan düşmən əsgərləri də bu qanlı səhnəni qəh-qəhəylə izləyirlər...
Etiraf edim ki, nə qədər milli təəssübkeşlik hissim güclü olsa da mən o qadınları güllələməzdim. Əvvəla, ona görə ki, kirləndirdiyini zənn etdiyi namusumuzu üstümüzə göndərən düşmən də bizdən bu cür reaksiya gözləyirdi, məqsədi psixoloji savaşda üstünlük qazanmaq və “sizin namusunuza toxunduq” demək idi. Biz də onların gözləntisinə uyğun hərəkət edib təsirlənən tərəfə çevrilirik. Halbuki onların gözləmədiyi fərqli reaksiyayla bu psixoloji hücumu dəf edə bilərdik. İkincisi, bir qadının suçu düşməndən hamilə qalmaq ola bilməz və olmamalıdır. Çünki əsir düşmüş qadının özünü təcavüzdən qorumaq şansı olmadığı kimi, bu əlaqədən hamilə qalmamaq imkanı da yoxdur. Əgər qadınlarımız ermənidən hamilə qalırsa, bunun günahı onları əsir düşməkdən qoruya bilməyən kişilərimizdədir. Fikrimcə, istər erməni tərəfinin bu hərəkəti, istərsə də bizim onlara reaksiyamız qadına münasibətimizdən qaynaqlanır. Şərq xalqları olaraq bizlər "namusdan ancaq qadınlar məsuliyyət daşıyırlar" məntiqinə inanır, birinə düşmən münasibəti bəsləyəndə cəza kimi onun xanımına sahiblik hissini ürəyimizdən keçirir, bəzən zəif bildiyimiz tərəfi qadın cinsəlliyinə aid fikirlərlə söyürük. Bunun təbii nəticəsi olaraq zorlanmış qadınla cinsi istəklərinə əsir düşmüş qadın arasında fərq qoymuruq və hər ikisinin layiqli cəzasını ölüm hökmündə görürük. Əslində zorlanan və ya əsir düşən qadının iradəsi özündə deyil. İradəsi olmayan bir varlığı suçda günahlandırmaq isə heç bir məntiqlə izah oluna bilməz. Digər tərəfdən, öz iradəsinin əleyhinə başına gətirilən fəlakət azmış kimi həmin qadınları öldürmək ləkələnən namusu da təmizləmir. Bu yolla biz sadəcə ləkələnən namusumuzu torpağa basdırmış oluruq. Bir pişiyin öz nəcisini torpağa basdırdığı kimi. Biz isə nə pişiyik, nə də namus hesab etdiyimiz qadınlar bizim nəcisimizdir. Namusu təmizləmənin yolu qisasın alınmasındadır. Lakin bu fikirlərim qisas xətrinə biz də erməni qadınlarını hamilə qoymalıyıq mənasına gəlməməlidir. Bir millətin namusu torpağıdır. Torpağı işğaldan azad etmək uğrunda döyüşməkdir namusun təmizlənməsi. Qadın cinsəlliyini milli namus məsələsinə çevirmək isə istənilən xalqa başucalığı gətirmir. “Düşmən bir şərəfsizlik etdi-deyə, mən də eyni şərəfsizliklə ona cavab verməliyəm” məntiqi də insanı bəd əməllərdən sığortalamır. Ümumiyyətlə, milli namus məsələlərinə qadın cinsəlliyini qatmasaq, yaxşıdır. Qadın Allahın yaratdığı uca varlıqdır. Allah özünün yaradıcı xislətini qadına verib. Bu xislət isə onun doğmaq qabiliyyətidir. Qadının doğmaq qabiliyyətinə milli qisas zəmini kimi baxmaq, düşmənə gözdağı vermək üçün onun xanımına təcavüz etmək əslində Allahın yaradıcı xislətinə təcavüz etməklə eyni mənaya gəlir. Nə yazıq ki, bəşəriyyət hələ də bu ibtidai təfəkkürdən qurtulmayıb.