Moderator.az xəbər verir ki, bu gün Yeni Azərbaycan Partiyasının 21-ci ildönümü münasibətilə Gəncə şəhər İcra Hakimiyyətinin konfrans zalında tədbir keçirildi.
Əvvəlcə Yeni Azərbaycan Partiyası Gəncə
şəhər Təşkilatının İdarə Heyətinin üzvləri, partiya veteranları Yeni Azərbaycan
Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı
abidəsini ziyarət edərək, onun əziz xatirəsini yad ediblər.
Tədbiri
YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açıq elan etdi və söz Gəncə şəhər
İcra Hakimiyyətinin başçısı, YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin üzvü cənab
Elmar Vəliyevə verildi. Elmar Vəliyev çıxışında Yeni Azərbaycan Partiyasının
keçdiyi çətin və şərəfli yola bir daha nəzər saldı. Öz ətrafında sadə
insanları, ziyalıları, ağsaqqal və gəncləri birləşdirən iqtidar partiyasının Azərbaycanın
ictimai-siyasi həyatındakı fəal mövqeyi cənab Elmar Vəliyevin nitqinin əsas
leytmotivi oldu.
Daha sonra tədbirdə iştirak edən AMEA Gəncə
bölməsinin direktoru, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının İdarə
Heyətinin üzvü, akademik Fuad Əliyev, Yeni Azərbaycan Partiyasının veteran
üzvü, professor Cəmil Hacıyev və Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının
sədri Naqif Həmzəyev, Elmi Tədqiqat Bitki
Mühafizə İnstitutunun direktoru, akademik Siddiqə Məmmədova çıxışlarında Yeni Azərbaycan Partiyasının ölkənin
ən nüfuzlu siyasi qüvvəsinə çevrilməsində partiyanın yaradıcısı və qurucusu
Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğuladılar.
Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə
şəhər Təşkilatı yarandığı gündən partiya sıralarına ilk daxil olmuş və şəhərin
ictimai-siyasi həyatında fəal iştirak etmiş veteran üzvlərinə Fəxri Fərman və qiymətli
hədiyyələr təqdim edildi.
Keçirilən yığıncaqda Gəncə şəhər İcra
Hakimiyyətinin başçısı Elmar Vəliyev YAP Gəncə şəhər Təşkilatının 30 mininci
üzvü Məmmədova Əzizə İsmayıl qızına partiya vəsiqəsini təqdim etdi və ona qiymətli
hədiyyə olaraq, dizüstü komputer verdi.
Tədbirin sonunda partiya sıralarına
yeni qəbul olunmuş fəallara partiya vəsiqələri təqdim olundu və Gəncə şəhər
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin yekun nitqi ilə tədbir sonra çatdı.