Sumqayıtın 11-ci mikrorayon ərazisində vətəndaşlara məxsus onlarla “qaraj” və yardımçı təsərrüfat söküntüyə məruz qalıb. Bu barədə Moderator.az saytını bilgili mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, sovet dönəmindən qalan obyektlərə müdaxilə edən iş adamı, sökdüyü tikililərə görə vətəndaşlara hər hansı kompensasiya ödəmək niyyətində deyil: “Şəhərin 11-ci mikrorayon ərazisində sakinlərə məxsus xeyli sayda obyekt kimliyi hələlik bəlli olmayan iş adamı tərəfindən sökülür. Vətəndaşlara məlum ərazini aldqılarını və burada nəhəng göydələn inşa olunacağını bildirən iş adamının əlaltıları sökülən tikililərə görə insanlara heç bir kompensasiya ödəmir. Vətəndaşları narazı salan ən mühüm amil də məhz bununla bağlıdır. Mikrorayon sakinləri hesab edir ki, özəl mülkiyyətlə bu cür münasibət xüsusi mülkiyyətə qəsd və qanunların açıqdan-açığa tapdanmasıdır. Vətəndaşlar baş verən olayla bağlı bütün əlaqədar qurumlara müraciət etsə də, söküntü prosesini önləmək hələ ki, mümkün olmayıb”.