Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana bu günlərdə reallaşan səfəri zamanı hərbi-əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması diqqətdən yayınmadı. Əcəba, biz özümüz silah satışı ilə məşğul olmaqdaykən niyə Belarusdan silah-sursat almaq üçün yüz milyonlarla vəsaiti ölkədən çıxarırıq? Digər tərəfdən, NATO standartlarına keçməyə hazırlaşan silahlı qüvvələrimiz niyə sovetdən qalma texnologiya ilə istehsal olunmuş hərbi təyinatlı avadanlıqları alsın?
Tanınmış hərbi ekspert Üzeyir Cəfərovsa bizdən fərqli olaraq narahatçılığa əsas olmadığı qənaətindədir. Moderator.az-a açıqlamasında ekspert deyir ki, Belorusiya vaxtıykən keçmiş SSRİ-nin ən iri hərbi sənaye mərkəzlərindən biri olub və bu ənənə indi də davam edir:
“Bir çox müstəqil dövlətlər bütün çətinliklərə baxmayaraq Belarusla indi də sıx əməkdaşlıq edirlər. Azərbaycan da zaman-zaman bu ölkədən öz təlabatını ödəmək üçün lazım olan avadanlıq və silah-sursatı əldə edir. Elə Belarus dövlət başçısı Lukaşenkonun Bakıya son səfər zamanı da tərəflər arasında bu istiqamətdə niyyətin olduğu bir daha bəyan edildi. Həm də Minskin bizə təklif etdiyi hərbi avadanlıq bəzi güzəştli şərtlər əsasında ölkəmizə satılır. Bunun özü də önəmli məqamdır.”