Düzlükdən dəm vursa da əhdinə-vədinə bivəfa çıxıb illər uzunu tamaşaçısını aldadan bir telekanaldan “Yalan detektoru” adlı bir qurğunun Azərbaycana gətirilərək guya yalançıları aşkarlayacağı barədə xəbəri eşidər-eşitməz özümü klaviaturanın üstünə yıxmışam ki, dedi-qodudan ötrü sinov gedən, nə qədər deyilsə-yazılsa da əksəriyyətin hələ də Məmmədhəsən əmiylə Fatmanisə qarı qəlibindən çıxa bilməyən kəsimini qəflət yuxusundan oyadam. Allahı ancaq dara düşəndə yad edərək ondan utanıb-qızarmadan kömək-əfv umması azmış kimi, gerçək Qiyamət gününü vecinə belə almadan böyük həvəslə yalançı qiyamət günü tədarükü görən məmləkətimizin zavallılarıyla bərabər diribaş kəsiminə də səslənmək istəyirəm ki, nəbadə, birdən belə şeylərə inanarlar. Əlbəttə, mən o qurğunun işləmə mexanizmindən və yalanı necə üzə çıxardığından az-çox məlumatlı olduğumdan bu işə qol qoyan səlahiyyətliləri də xəbərdar edirəm ki, özlərini nahaqdan yormasınlar, bizdə onu işə salmaqla nə yalançını, nə fırıldaqçını, nə rüşvətxoru-korrupsioneri, nə də “qədim peşə sahibləri”ni tapmaq, müəyyənləşdirmək mümkün olan şey deyil. Çünki biz ölməz Sabirin dediyi kimi düzələn zad olmamaqla bərabər alıb-aldatma, hiylə-kələk qurma sənətində xeyli qabağa getmişik. Ona görə də heç zərrə qədər də şübhəm yoxdur ki, yalan detektoruna bizimkilər elə kələk gələrlər ki, biçarə qurğu od tutub yanar.
Yeri gəlmişəkən,oxucuların yadında olar. “Koroğlu
dastanı”nda bir ibrətamiz yer var, Koroğlunun dəliləri Keçəl Həmzəni tutular, dəlilərdən
biri deyir ki, mən onun əllərindən tutacam, siz saz çalın, əgər sazın səsindən
qaş-gözü oynasa, deməli salamat adamdı, yox əgər sazın səsi ona təsir etməsə,
bilin ki, dolaşıq adamdı, vələdüzinanın yekəsidi. Amma bugünki yalançılarımızın
əcdadı olan Keçəl Həmzə Koroğlunun qos-qoca dəlilərinə çox asanlıqla kələk gəlir.
Görün həmin vaxtdan nə qədər keçib? Əgər 300 il bundan öncə insanlar öz hiss və
həyəcanlarını məharətlə gizlədə bilərdilərsə, bu gün milli yalançılarımız, rüşvətxor-korrupsionerlərimiz
lap Avropa istehsalı olsa belə həmin yalan detektorunun testindən aydan arı,
sudan duru çıxa bilməkdə heç bir çətinlik çəkməzlər.
Daha bir göydəndüşmə sübut. Neçə gündü ki,
Maştağadakı dəlixanadan (bunun adına 1 saylı ruhi-əsəb dispansei də deyirlər,
amma el arasında dəlixana kimi tanınır-Z. H.) 4 ruhi xəsət qaçıb. Hər yerdə polis
itli-pişikli onları axtarmadığı deşik yoxdu, birini də tutub qaçdıqları yerə
qaytara bilməyiblər. Sizcə niyə? Ona görə ki, bizim dəlilərimiz də şeytna papış
tikəndi, ağıllılarımız da. Əlbəttə, kimsə tamam bunun əksini iddia edə bilər
ki, filan ölkədə işə qəbulu bu qurğunun köməyi ilə həyata keçirirlər, uğurlu nəticələr
var, yaxud hansısa Avropa ölkəsində filan qədər rüşvətxoru, korrupsionei məhz
bu qurğunun köməyi ilə üzə çıxara biliblər və sair, və ilaxır. Amma bəylər və
xanımlar, bu cür icadlar bizdə keçərli deyil. Heç ağıllıları bir kənara qoysaq,
dəlixanadan qaçan həmin 4 dəlini gətirib əllərin-ayaqların həmin qurğuya
bağlayıb soruşsunlar görək necə qaçıblar, kimlər bu qaçışa kömək edib, əgər həmin
detektor onların yalanını tutsa, mən heç nə bilmirəm. Sözümün canı odur ki, illər-əsrlər keçsə də bizə detektor yox,
qılınc lazım, türklər demişkən, yani, qılınc müsəlmanı olduğumuzu hər addımımızda
xatırltmaqda davam edəcəyik. Bizə əliəyrini, yalançını-fırıldqçını üzə çıxarmaq
üçün detektor yox, qılıncdan kəskin qəralar gərək ki, nəfsimizə, tamahımıza, ehtirasımıza
dur deməyi bacaraq, əks halda “Yalan detektoru” deyilən icadla bu məmləkətdə
necə deyərlər, Fatıya tuman olmaz...
Zülfüqar Hüseynzadə