Tanınmış iş damı, sabiq millət vəkili Nizami İsgəndərov casus axtarışına start verib. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, iş adamı daxildəki informasiyanı kənara sızdıran şəxsi deşifrə etmək niyyətindədir: “Son bir neçə aydır ki, öz adının ölkə mətbuatında intensiv surətdə hallanması, xüsusilə də “Cavid” və “Sumqayıt” Ticarət Mərkəzlərində baş verən olayların mediaya ötürülməsi tanınmış iş adamı Nizami İsgəndərovu narahat etməkdədir. Xüsusilə də sirr kimi qoruyub saxlamağa çalışdığı bəzi məlumatların ictimaiyyiləşməsindən ciddi narahatlıq keçirən sabiq millət vəkili, bu məlumatların mətbuata ticarət mərkəzinin hansısa əməkdaşı tərəfindən ötürüldüyü qənaətindədir. Bu səbəbdən də yaxın çevrəsi ilə birlikdə casus axtarışına çıxan N.İsgəndərov şübhələndiyi şəxsləri sorğu-suala tutur, onun mətbuatla hər hansı əlaqəyə malik olub-olmadığını aydınlaşdırmağa çalışır. Baş verənlərdən ehtiyatlanan ticarət mərkəzinin əməkdaşları isə iş adamının qəzəbinə gəlməmək üçün mətbuatla hər hansı əlaqəyə malik olmadıqlarını isbatlamağa çalışır. Hələlik naməlum casus aşkarlanmasa da, bəzi şəxslərin şübhəli şəxs qismində ticarət mərkəzindən qovulacağı gözlənilir.