Moderator.az saytı bir neçə dəqiqə əvvəl Müdafiə Nazirliyi barəsində əslində çox böyük narahatçılıq yaratmalı olan bir məlumatı ictimailəşdirib. Belə ki, yeni müdfiə naziri Zaki Həsənovun əmri ilə Bakıətrafı hərbi hissələrin birindən tank birləşməsinin Bərdə Korpusuna dislokasiyası nədənsə məxfi həyata keçirilməyib və az qala bütün dünya bundan xəbər tutub.
Tanınmış hərbi ekspert Üzeyir Cəfərov Moderator.az-a açıqlamasında məsələyə çox sərt münasibət sərgiləyib:
“Haqqında danışılan xəbərin kim və ya kimlər tərəfindən açıqlanmasını bilmirəm. Əgər bunu kimsə bilərəkdən edibsə, bu da ona əsas vermir ki, həmin məsələnin üstündən sükutla keçilsin. Yox əgər bu haqda MN-i özü məlumat yayıbsa, bu çox böyük səhv və mən deyərdim ki, cinayət məsuliyyəti yaradan haldır. Əlbəttə ki, mən də onun tərəfdarı deyiləm ki belə tipli məlumatlat açıq şəkildə bəyan edilsin və mətbuatda işiqlandırılsın. Bildiyim qədər belə mühüm hərbi tədbirlər adətən çox məxfi və günün qaranlıq vaxtında həyata keçirilir. Amma, bildiyim qədər, bu haqda o qədər mətbuat orqanları yazdılar ki, bəlkə də xəbəri olmayanlar da bildilər ki, MN tankları Bakı ətrafından harasa aparıb.
Belə məsələrdə gərək hər bir kəs öz məsuliyyətini dərindən dərk etsin. MN kimi mühüm bir dövlət qurumu gərək ən xırda detallara belə ciddi yanaşsın və dövlət, hərbi sirlərin yayılmasına imkan verməsin.”