Bir neçə gün bundan öncə yeni müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə Pereşkül və Nasosnudakı tank taborlarının yerinin Bərdə Korpusuna dəyişdirilməsi ilə bağlı yayılan xəbərlər ictimai sferada birmənalı qarşılanmayıb. Bu barədə Moderator.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, baş verənlər dövlət və hərbi sirrin qorunması haqqındakı qanunun kobud şəkildə pozulduğunu göstərir: “Özlüyündə hərbi sirr xarakteri daşıyan məlumatların onun qorunmasına məsul olan qurum tərəfindən ictimaiyyiləşməsi əsla anlaşılan deyil. Çünki “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanununun I fəslinin I maddəsində göstərilir ki, “dövlət sirri - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır”. Eyni qanunun 5-ci maddəsində isə dövlət sirri təşkil edən məlumatlara milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqındakı bilgilərin daxil olduğu göstərilir. Yenə eyni qanunun eyni maddəsinin 5.1.5-ci bəndinə görə dövlət sirri sayılan məlumatlara həm də qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında məlumatlar daxildir. Bütün bunlar, habelə sadalamadığımız digər qanunlar göstərir ki, tank taborlarının dislokasiyası ilə bağlı məlumatların ictimailəşməsi Müdafiə Nazirliyinin özü tərəfindən hərbi və dövlət sirrinin pozulması deməkdir. Bu mənada Müdafiə Nazirliyinin yetkililərinin qanunla məsuliyyətə cəlb edilməsi zəruridir”.