Bu günlərdə millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa öz facebook səhifəsində ürək ağrıdan bir yazı paylaşmışdı. Deputat dünyaca məhşur alimimiz Rafiq Əliyevin ardından Dövlət Neft Akademiyasından daha bir nüfuzlu alimin gözümçıxdıya salınmasından bəhs edirdi. Sən demə, Ramiz Qurbanov Həcc ziyarətinə getmək üçün rektor Siyavuş Qarayevdən öz hesabına 10 günlük məzuniyyət istəsə də mənfi cavab aldığına görə etiraz əlaməti olaraq ümumiyyətlə işdən azad olunması üçün müraciət edib. Bu müraciət də təbii ki, rektor üçün göydəndüşmə olduğundan dərhal qəbul edilib.
Biz də Ramiz müəllimi taparaq Müqəddəs Həcc ziyarətindən qayıtmış pofessordan bir daha fikirlərini paylaşmasını xahiş etdik. Amma deyəsən, Ramiz müəllimin danışmaqla heç arası yox imiş, suallarımıza çox lakonik cavablar verib. Ancaq Moderator.az-ın oxucularının məsələdən agah olmaları üçün elə bu qədər də yetər...
-Ramiz müəllim, vaxtilə həmkarınız Rafiq Əliyevə qarşı analoji addım atılanda Siz Siyavuş Qarayevə şəxsən bununla bağlı etirazını bildirdinizmi?
Etirazımı, nəticəsiz olacağı üçün, bildirməmişəm.
-İndi repressiya növbəsində hansı alim var?
Bu barədə məlumatım yoxdur, onu rektordan soruşmaq lazımdır.
-Həcc ziyarətində Allahdan Siyavuş Qararyev barəsində nəsə umdunuzmu?
Mənə pislik edənlərə, Allahın “Quran”ında müəyyən edildiyi kimi, həmişə yaxşılıq etməklə cavab vermişəm. Desələr ki, kimsə mənə pislik edəcək, cavabım olub: “Özü bilər Allahı bilər”.
- Yeni iş təklifini kimdən aldınız?
Yeni iş yerləri üçün çoxlu təkliflər almışam. Bu adları sadalamağı məsləhət bilmirəm.
-Təhsil Nazirliyi rəhbərliyi Sizin üzləşdiyiniz problemlə maraqlandımı?
Təhsil Nazirliyi rəhbərliyinin maraqlanması haqqında mənim məlumatım yoxdur. Bu Qurumdan kimsə mənə zəng etməyib.
Niyə rektorla üz-üzə oturub heç olmasa ürəyinizi boşaltmadınız? Olmaya Sizi qəbul etməkdən də imtina etdi?
Rektora məni qəbul etməsi üçün müraciət etmişəm. Ərizəmlə əlaqədar ADNA-nın prorektoru V. Qurbanova müraciət etməyimi məsləhət görüb. Mənə 11 gün öz hesabıma məzuniyyət verilməsinə müsbət cavab almadığım üçün ADNA-dakı vəzifəmdən azad olunmağım haqda ərizə vermişəm və bu ərizəmə müsbət cavab aldıqdan sonra Həcc ziyarətinə getmişəm.
-Azərbaycan elmini ateizm məngənəsindən necə xilas etməli?
Bu suala cavab vermək mənim üçün çox çətindir.