Dünən mətbuatda sabiq millət vəkili və iqtisadçı alim Nazim Məmmədovun qardaşının Nəqliyyat Nazirliyinin müfəttişləri tərəfindən qarət olunmasıyla bağlı xəbər yayılmışdı. Bildirilirdi ki, sabiq deputatın iş adamı olan qardaşının idarə etdiyi “Mersedes Vita” avtomobilini Bakıdan Tovuza gedərkən Lökbatan qəsəbəsi yaxınlığında saxlayan müfəttişlər onun maşınından 5 min manat pul götürüblər.
Moderator.az Nazim Məmmədovla əlaqə saxlayaraq olayla
bağlı hər hansı yenilik olub-olmadığını öyrənməyə çalışıb. Eks deputat bildirib
ki, dünən sənədləri geri qaytarıblar: “Ancaq Departament rəhbərliyi deyib ki,
küçələrdəki müfəttişlərə görə onlar məsuliyyət daşımırlar, dünən 102-yə müraciət olunub, Qaradağ polisinə izahat verilib, qardaşım Tovuza getdiyindən
vəkil tutulub, o bu gün prokurorluğa müraciət edəcək. Polisdən bildirilib ki,
bu şikayət dövlət qurumundan olduğuna görə sənədlər Baş Prokurorluğa göndərilir. Tərəfimizdən isə həm də bu Departamentə qarşı maddi və mənəvi
ziyana görə mülkü iddia da qaldırılacaq.”